“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) kadr dəyişikliyi olub.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, ADY-nin Yük daşımaları departamentinə rəhbərlik Samir Həziyevə həvalə olunub. O, bu vəzifədə Emil Əhmədovu əvəz edib.
S.Həziyev 1982-ci ildə anadan olub. 2000–2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxalq iqtisadi münasibətlər" ixtisası üzrə bakalavriat və magistratura pillələrini bitirib, daha sonra Dünya Bankının təqaüd proqramını qazanaraq ABŞ-nin Kolumbiya Universitetinin dövlət idarəçiliyi üzrə magistratura pilləsində təhsil alıb.
S.Həziyev əmək fəaliyyətinə 2004-cü ildən Azərbaycan Mərkəzi Bankında iqtisadçı kimi başlayıb, sonra Fövqəladə Hallar Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. O, 2018-ci ildə ADY-də fəaliyyətə başlayıb. 2021-ci ildən İnfrastruktur departamentinin rəis müavini vəzifəsində işləyib.
QSC-dən bildirilib ki, Emil Əhmədov karyerasında yeni mərhələyə başlamaq üçün ADY-dən ayrılıb. O, ADY-də 2016-cı ildə fəaliyyətə başlayıb, bir çox uğurlu layihələrin həyata keçirilməsinə və qurumun inkişafına böyük töhfə verib.