Azərbaycanda tanınmış fermer vəfat edib

17:05 - 3 Dekabr 2024 - ÖLKƏ İÇİ

Azərbaycanda pambıqçılıq sahəsində zəngin təcrübəyə malik, tanınmış fermer Lətif Cəfərov vəfat edib.

Ucnoqta.az xəbər verir ki, Lətif Xanhüseyn oğlu Cəfərov 1936-ci il sentyabrın 9-da Biləsuvar rayonunun Yuxarı Cürəli kəndində anadan olub. 1955-ci ildə Salyan rayon Kənd Təsərrüfatı Texnikumunu bitirib.

1956-ci ildən Biləsuvar rayonu "Azərbaycan" kolxozunda aqronom-entomoloq işləməyə başlayıb.1958-ci ildən 1983-cü ilə kimi həmin kolxozda pambıqçı-briqadir və sürücü-mexanizator işləyib. 1983-cü ildən 1996-cı ilə kimi isə Biləsuvar rayonu "Türkmənistan" kolxozunda pambıqçılıq briqadiri olaraq fəaliyyət göstərib. 1974-cü ildə pambıq yığımında göstərdiyi yüksək nailiyyətə görə ümummilli Lider Heydər Əliyev tərəfindən "QAZ-24" markalı avtomobillə mükafatlandırılıb. O, "Qırmızı əmək bayrağı" ordeni, "Əmək veteranı" ordeni, "Əmək" və digər medallarla təltif edilib. 2017-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Tərəqqi" medalı ilə təltif edilib.

Lətif kişi sonrakı illərdə də ailəsi ilə birlikdə təsərrüfatla məşğul olaraq fermer təsərrüfatını yaratmışdı. O, 2017-ci ildən Respublika üzrə Fermerlər Şurasının üzvü idi.

Lətif Cəfərov 26 noyabr 2024-cü ildə 88 yaşında dünyasını dəyişib.

Xəbər xətti