Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ağadadaş Ağayev ifadə verib.
O bildirib ki, hadisədən əvvəl həmin klinkada əməliyyat olunub:
"Qulağımdan əməliyyat olundum. Qəza keçirəndə telefonumda qırılmışdı. Ağrıkəsicilər vururdular. Sonradan ağrılarım çoxaldı, qulağımda qanaxma yaranmışdı. Mən evin terrasına çıxdım, xəstəxana yolun əks istiqamətindəydi. Yuxarıdan mühafizəçiyə müraciət etdim ki, xəstəxanaya desinlər, mənə köməklik eləsinlər. Bu şəxsə dedim ki, əməliyyat edən şəxslərdən kimisə çağırsın, mənə kömək olsunlar. Bunun cavabı mənə pis oldu. Dedi ki, sən öyrəşmisəm kiməsə əmr eləməyə, qudurmusan falan. Anında mən reaksiya vermədim, bir az səbrimi basdın. Mənim də bu pisimə gəldi. Gözünü yumub, ağzını açdı. Artıq elə söz dedi ki, aşağı düşməli oldum. Gördüm ki, bu mənim qapımın ağzındadır. Bunu uzaqlaşdırdılar. Xəstəxananın qarşısından keçdi yolun o biri tərəfinə. Bir də eşitdim ki, səsi gəlir. Məni təhrik elədi ki, çıx bayıra. Bu ikinci dəfə gələndə hiss elədim ki, əlində nəsə alət var. Mən də ehtiyyat üçün rəngli baltanı götürdüm. Onu baltayla vurmaq niyyətim olmayıb, əgər olsaydı, qapımın ağzında vurardım. O məni elə həddə çatdırdı ki, bu hadisə baş verdi. Buna dedim uzaqlaş, getmədi, ona görə baltanı atdım. Məni bu hadisəyə təhrik elədi, dedi kişisənsə çölə çıx. Anestasiyanın təsirindəydim, heç əlbəyaxa olacağımıza inanmırdın. Sonradan dalaşmağa başladıq. Dəmir parçasını götürüb, birinci zərbəni mənə vurdu. Amma yıxılmadım. Gördüm ki, dubinka ilə yaramın üstündən vurdular. Orada daha iki nəfər var idi. Guya bizi aralayırdılar. Mən dubinkanın zərbəsindən yıxıldım. Yıxılandan sonra da məni vurmağa başladılar. Necə insandırlar ki, yıxılanı belə vurmazlar. İnsaniyyəti ola gərək insanın. Belə nadan insan olmaz. Nəhayət bizi aralaşdırdılar. Aldığım xəsarətlər oldu, evimə gəldim".
A.Ağayev bildirib ki, bu hadisə ona qarşı düşünülmüş bir addımdır:
"Hadisədən sonra düşüdüm ki, bu mənə qarşı əvvəldən hazırlanmış məsələdir. Mən heç xəsarət alan qadını görməmişəm. Heç baltanın ona dəydini bilməmişəm. Baltanı atanda əsəbdən insanlıqdan çıxmışdım. Mən Nurəddini vurmaq istəsəydim, qapımın ağzında onu vurardım. Kamera görüntülərinə baxsaz görərsiniz ki, o məsafədən balta ilə kimisə vurmaq olmaz. Dalaşdandan sonra bir nəfər mənə köməklik edib, evə qədər gətirdi. Mənə qarşı çox haqsızlıq olub. Mən özümə bu hadisəni törədərəm. Azərbaycanın xalq artisti kimi bunu özümə yaraşdırmıram"
Qeyd edək ki, Ağadadaş Ağayevin mübahisə etdiyi Nurəddin Cəlilov və müğənninin atdığı baltanın dəydiyi xadimə Nəzakət Paşayeva cinayət işində zərərçəkən qismində tanınıb.
Xalq artisti Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq,silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.