Bu gün Nizami rayonu Eldar Quliyev adına 145 saylı tam orta məktəbə istilik verilməyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Musavat.com-a övladları həmin məktəbdə oxuyan valideynlər bildiriblər.
"Bugünkü soyuqda iki uşağım donmuş vəziyyətdə evə gəliblər. Siz təsəvvür edirsiniz, sinif bumbuz olub. Deyirlər, guya borularda problem var. Əslində hər il ayın 15-dən məktəblərə istilik verilirdi. COP 29-a görə uşaqlar dərsə getmirdilər, bu gün ilk dəfə tətildən sonra məktəbə döndülər, o da belə. Bu neçə gündə niyə istilik problemi həll olunmayıb ki?! Uşaqlar bir gün məktəbə getməyən kimi arayış tələb edirlər. İndi bu soyuqda kim zəmanət verəcək ki, bizim uşaqlar məktəbdəki soyuğa görə xəstələnməyiblər. Biz uşaq olanda məktəbdə istilik olmayanda direktor üzrxahlıq edib, uşaqları evə buraxardı. İndi uşaqların halına yanan da yoxdur".
"145 nömrəli tam orta məktəb 'Azəristiliktəchizat" ASC tərəfindən mərkəzləşdirilmiş qaydada istiliklə təmin olunur. Məktəbin bir tədris korpusunu istiliklə təmin edən yeraltı borularda yaranmış problemin aradan qaldırılması ilə bağlı aidiyyəti üzrə müraciət edilib".
Bu barədə Musavat.com-a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
"145 saylı məktəbdə bir neçə gündür ki, istilik yoxdur. Mən sahə rəisi ilə də danışdım. Sahə rəisimiz sentyabrın 10-da məktəbin direktoruna məktəbdaxili xətlərin köhnə olması ilə bağlı xəbərdarlıq edib və qeyd edib ki, mövsüm başlayana kimi bunu bərpa edin, onlar da görünür bu məsələyə məhəl qoymayıblar".
Bu fikirləri Musavat.com-a "Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı deyib.
"Bizim həmin məktəbi təmin edən qazanxanamız da işləyir, magistral və məhəllə daxili xətlərimiz də işləyir. Məktəb daxilində axıntı var, ona görə də ora istiliyin verilişi dayandırılıb. Hətta kömək məqsədilə qazıntı işlərini də biz aparmışıq. Axıntının olduğu yeri də göstərmişik, demişik ki, düzəldin", - deyə qurum rəsmisi əlavə edib.