Ukraynanın “Maydan” ssenarisi Gürcüstanda təkrarlana bilməz, çünki ölkədə güclü institutlar və müdrik insanlar var.
Ucnoqta.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
“Radikallar və onların xarici himayədarları hər zaman ölkədə iğtişaşlar törətmək və Gürcüstanı Ukraynaya çevirmək üçün səbəblər tapmağa çalışırlar. Onlar hələ də dərk etməyiblər ki, 2013-cü ildəki Ukraynadan fərqli olaraq, Gürcüstan güclü institutları olan, ən əsası təcrübəli və müdrik xalqı olan, möhkəmliyi sarsılmayacaq müstəqil dövlətdir.
“Maydan” ssenarisi Gürcüstanda reallaşa bilməyəcək.Gürcüstan dövlətdir və dövlət, təbii ki, buna imkan verməyəcək”, - deyə Kobaxidze brifinqdə bildirib.
Kobaxidze vurğulayıb ki, Tbilisidə hökumət əleyhinə keçirilən mitinqdə iğtişaşlar zamanı Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları ölkənin konstitusiya sisteminə hücumun qarşısını alıblar.
“Mən daxili işlər nazirinə [Vaxtanq Qomelauriyə] və hər bir polis əməkdaşına dünən ölkənin konstitusiya quruluşuna hücumun qarşısını aldığına və Gürcüstanın suverenliyi və müstəqilliyinin keşiyində durduğuna görə təşəkkür etmək istəyirəm”, - Kobaxidze bildirib.