Azərbaycanın ən böyük pambıqçılıq və tekstil istehsalçısı olan “GP Cotton Holdings”ə daxil olan GiLTEX, COP29 çərçivəsində Azərbaycan Pavilyonunun Mavi Zonasında “Suyun səmərəli istifadəsi” adlı tədbir keçirib.
APA xəbər verir ki, tədbirdə dayanıqlı su idarəetmə üsullarının iqlim dəyişikliyinə qarşı mübarizə və kənd təsərrüfatı məhsuldarlığının artırılmasındakı əhəmiyyəti barədə danışılıb, iştirakçılar həmçinin Azərbaycan və digər ölkələrdən ən yaxşı təcrübələri və uğurlu nümunələri öyrənmək imkanı qazanıblar.
Müzakirələrdə qlobal miqyasda tətbiq edilə bilən səmərəli su idarəetmə üsullarını mənimsəmənin vacibliyi ön plana çəkilib.
GiLTEX-in Baş İcraçı Direktoru Kamran Aqasi şirkətin strategiyasında dayanıqlılığın rolundan bəhs edib: "GiLTEX-də dayanıqlılıq sadəcə, bir məqsəd deyil, bizim strategiyamızın əsas dayağıdır. Biz tekstil istehsalında suyun təkrar istifadəsinə imkan verən yeni texnologiyaların tətbiqini planlayırıq. Bu, ətraf mühitə təsirimizi azaltmaqla yanaşı, sənayemizdə bir standart yaratmağımıza xidmət edəcək. Bu kimi tədbirlər, yeniliklərin təşviqində və əməkdaşlıqların inkişafında mühüm rol oynayır, daha dayanıqlı bir gələcək üçün yol açır."
“GP Cotton Holding”in sədri Con Yanq Simpson, pambıq istehsalında dayanıqlı təcrübələrin əhəmiyyətini vurğulayıb: "GP Cotton Holding-də biz pambıq istehsalında daha az su istifadə etməyə və suvarma prosesini daha qısa müddətdə tamamlamağa imkan verən innovativ texnologiyaları tətbiq etmişik. Bu inkişaflar yalnız məhsuldarlığı artırmır, həm də dəyişən dünyanın tələblərinə cavab verən dayanıqlı təcrübələrə olan bağlılığımızı əks etdirir. Bu həllərin əməliyyatlarımıza inteqrasiya olunmasından qürur duyuruq".
Qeyd olunub ki, tədbir müxtəlif sahələrin nümayəndələrinə ideya və təcrübə mübadiləsi üçün qiymətli platforma təqdim edərək, sudan səmərəli istifadə sahəsində qlobal əməkdaşlığın təməlinin qoyulmasına xidmət edəcək.