COP29 Parlament Görüşündə yekun sənəd qəbul olunub

18:14 - 17 Noyabr 2024 - SİYASƏT

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə Parlament Görüşünün ikinci günü başa çatıb.

Ucnoqta.az xəbər verir ki, tədbirin sonuncu günündə yekun sənəd qəbul olunub.

Milli Məclisin deputatı Soltan Məmmədov sənəd barədə məlumat verərək bildirib ki, bu, COP 27 və COP 28 çərçivəsində keçirilmiş parlament sessiyalarının yekun sənədləri, həmçinin Parlamentlərarası İttifaqın 148-ci Assambleyasında qəbul edilmiş qətnamə layihəsi üzrə müzakirələr, son illərdə keçirilmiş COP sessiyalarının gündəliyi əsasında hazırlanıb:

"Sənədin ilkin versiyası hazır olduqdan sonra müxtəlif ölkələrdən təkliflər və rəylər aldıq. İyun ayında layihə sənədini Parlamentlərarası İttifaqın COP29-a hazırlıq iclasında yenidən müzakirə etdik. Layihə Parlamentlərarası İttifaqın katibliyi tərəfindən yenidən həmkarlarımıza göndərildi. Yeni təkliflər və ideyalar təqdim edildi. Parlamentlərarası İttifaqın 149-cu sessiyası zamanı çox məhsuldar müzakirələr apardıq".

O bildirib ki, sənəd hazırlanarkən bütün ideyalar, şərhlər və rəylərin mümkün qədər nəzərə alınması üçün işlər görülüb: "Sənəddə əks olunan müddəalar yalnız parlamentarilərin fikirlərini əks etdirən tövsiyələrdir. Ümid edirəm ki, bütün həmkarlarımızın mövqelərini tam və ya qismən əks etdirən layihə təqdim edə bilmişik. Təşkilatın hər bir üzvünün fikirlərini tam əks etdirən sənədə nail olmaq demək olar ki, qeyri-mümkündür. Yalnız onu deyə bilərəm ki, COP29-un ümumi məqsədlərinə və məsuliyyətimizə uyğun işləməyə çalışmışıq".

Xəbər xətti