Süfrə duzundan içməli suya, təmizləyici vasitələrdən kosmetikaya qədər mikroplastiklər hər yerdədir. Nəinki bu, indi bədənimizi ələ keçirirlər.
Alimlər mikroplastiklərin piylənmə, diabet, Alzheimer və reproduktiv problemlər kimi xəstəliklərə səbəb ola biləcəyini düşünürlər.
Son araşdırmalar göstərir ki, mikroplastiklər orqanlarımızda kritik səviyyədə toplanır.
Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Üsküdar Universiteti Tibb Fakültəsi Tibbi Biokimya Bölümündən Prof. Dr. Nilgün Tekkeşin, Memorial Şişli Xəstəxanası endokrinologiya və metabolik xəstəliklər mütəxəssisi Prof. Dr. İbrahim Şahin və Akademik Xəstəxananın daxili xəstəliklər mütəxəssisi Dr. Türkan Özer riskləri açıqlayıb.
5 millimetrdən qısa olan plastik parçalar mikroplastik, 1 mikrondan qısa olanlar isə nanoplastik adlanır.
Mikroplastiklər havada asanlıqla yayıla bilər. İçməli suda (kran suyundan daha çox qablaşdırılmış suda), bir çox dəniz heyvanlarında, diş pastası və ya digər kosmetik məhsullarda tapıla bilər. Elmi araşdırmalar vurğulayır ki, mikroplastiklər insan orqanlarında, o cümlədən beyində kritik səviyyədə toplanır.
Bu ilin əvvəlində toplanmış 24 beyin nümunəsi orta çəkiyə görə təxminən 0,5 faiz plastik tapıb. Tədqiqatlar ağciyərdə, plasentada, reproduktiv orqanlarda, qaraciyərdə, böyrəklərdə, diz və dirsək oynaqlarında, qan damarlarında və sümük iliyində kiçik plastik parçaları və ləkələri aşkar edib.
Körpələrin və böyüklərin nəcislərində də mikroplastik aşkar edilmişdir.
2022-ci ildə tədqiqatçılar ilk dəfə ana südündə mikroplastiklər tapdılar. 34 sağlam anadan götürülmüş nümunələrin 75 faizində mikroplastik olub. Yeni araşdırmalardan biri butulka ilə qidalanan körpələrin gündə milyonlarla mikroplastik udma ehtimalını aşkara çıxrarıb.
Nyu-Meksikoda 2016-2024-cü illər arasında araşdırma aparılıb. Rutin yarılmalar zamanı 51 kişi və qadının qaraciyər, böyrək və beyin nümunələrində mikroplastik konsentrasiyalar araşdırılıb.
Tədqiqatçılar beyin nümunələrində qaraciyər və böyrəklərdən 30 dəfə çox mikroplastik aşkar ediblər. Bunun səbəbinin plastik hissəcikləri daşıyan beyinə yüksək qan axını ilə bağlı ola biləcəyini fərz etdilər (Prof. Dr. Nilgün Tekkeşin).
Yediyimiz hər dəniz məhsulunda mikroplastiklər var: balıq, karides və daha çox midye. Düyüdə, xörək duzunda, balda...
Üstəlik, onlar hətta alma, brokoli və yerkökü kimi meyvə və tərəvəzlərə də yol tapdılar. Bunun səbəbi bitkilərin nanoplastikləri kök sistemləri vasitəsilə qəbul etməsidir. (Qidalanma və pəhriz mütəxəssisi Ceysi Kazado)
"Xərçəngə səbəb ola bilər"
Mikroplastiklər diabet, piylənmə, hipertoniya, qalxanabənzər vəz xəstəlikləri və neyrotoksiklik (toksik maddələrin sinir sisteminə təsiri) üçün risk yaradır. Koqnitiv inkişaf pozğunluqlarına, xərçəngə və anadangəlmə qüsurlara səbəb ola bilər. (Dr. Türkan Özer)
Beyində yığılan mikroplastiklər son illərdə artan Alzheimer və demans kimi xəstəliklərlə əlaqələndirilir. Maraqlı bir araşdırma göstərir ki, üz maskalarında olan mikroplastiklər daimi istifadə ilə bədənimizə keçir və çoxalmaya mənfi təsir göstərir.
Nanoplastiklər bədənimizdə Troya atları kimi fəaliyyət göstərir. Ağır metalları, virusları və bakteriyaları toplayır, onların bədənimizə daxil olmasını asanlaşdırır.
Araşdırmalar göstərir ki, mikroplastiklərə məruz qalma sinir sistemi problemləri, psixoloji pozğunluqlar, immun, reproduktiv və həzm sistemi xəstəlikləri riskini artırır. (Prof. Dr. İbrahim Şahin)