Qəbələdə 2 nəfərin ölümü, 1 nəfərin xəsarət alması faktı ilə bağlı cinayət işi başlanıb.
Qəbələ rayon prokurorluğundan verilən məlumata görə, oktyabrın 17-də saat 21 radələrində Qəbələ rayonu Zərgərli kəndi ərazisində 2 nəfərin ölməsi, 1 nəfərin isə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı rayonun Laza kənd sakini, 1976-cı il təvəllüdlü Əlibaba Gəncimovun rayonun Zərgərli kənd sakini Akif Məmmədliyə məxsus fərdi yaşayış evinə silahla hücum edərək həmin evdə yaşayan 1951-ci il təvəllüdlü Gülsadə Məmmədliyevaya atəş açaraq onu qəsdən öldürməsi, sonuncunun nəvəsi 2001-ci il təvəllüdlü Nurlan Məmmədliyevə xəsarət yetirməsinə, N.Məmmədliyevin isə odlu silahdan atəş açaraq Əlibaba Gəncimovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qəbələ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 29,120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) və 29,120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələrilə cinayət işi başlanıb, istintaq aparılır.
TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məlum hadisə nəticəsində xəsarət alan 2001-ci il təvvəlüdlü şəxs (kişi cinsli) Qəbələ Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bildirilib ki, ona sol əlin 1-ci barmağının natamam amputasiyası, geniş həcmli yumşaq toxuma deffekti, sağ əlin arxa səthinin açıq yarası, 3-cü və 4-cü barmaqları açan vətərlərin zədələnməsi diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib. Xəstənin Cərrahiyyə şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti orta-ağırdır.