Bukmeker kontorları ABŞ-ın Respublikaçılar Partiyasının namizədi Donald Trampın prezident seçkilərində qalib gəlmə ehtimalını orta hesabla 53,7% qiymətləndirir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Election Betting Odds portalı məlumat yayıb.
Məlumata görə, ABŞ-ın vitse-prezidenti Kamala Harrisin uğur şansı orta hesabla 45,7% təşkil edir.
Bununla belə, son ictimai rəy sorğularına görə, demokratlardan ən yüksək ştat postuna namizəd olan Harris Trampı qabaqlayır.
Belə ki, ABC kanalının İpsos sosioloji xidməti ilə birgə 4-8 oktyabr tarixlərində apardığı araşdırmaya görə, o, rəqibini 2 faiz qabaqlayır.
Seçicilərin 50%-i Harrisi dəstəkləyir, 48%-i Trampa səs verməyə hazırdır. Sorğuda 2,6 mindən çox insan iştirak edib.
Xatırladaq ki, noyabrın 5-də ABŞ-da ümumi seçkilər keçiriləcək.