“Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyi yeniyetmələr arasında Vətən Müharibəsi Qəhrəmanlarının təbliği ilə fəaliyyətini davam etdirir.
Ucnoqta.az xəbər verir ki, təşkilat “Şərqi Zəngəzur məktəblərində Vətən Müharibəsi Qəhrəmanlarının təbliği” layihəsi çərçivəsində Sumqayıt şəhərində fəaliyyət göstərən Qubadlı rayon 1 saylı tam orta məktəbin şagirdləri ilə Füzulidən Şuşayadək döyüş yolu keçən Cavid Həsənovla məktəblilərin görüşünü təşkil edib.
Layihə barədə məlumat verən “Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyinin sədri Gülsarə Həsənova qeyd edib ki, əsas məqsəd Vətən Müharibəsi Qəhrəmanları ilə bağlı məlumat hazırlayıb Şərqi Zəngəzur məktəblərində və sosial mediada təbliğ etməklə torpaqlarımızı işğaldan azad edən qəhrəmanları gənc nəslə tanıtmaqdır:
“Vətən müharibəsi qəhrəmanları ilə orta məktəb şagirdlərinin görüşünü təşkil etməklə həm zəfər tariximizi orta ümumtəhsil müəssisələrində təbliğ etmək, həm də şəhid olan Vətən Müharibəsi Qəhrəmanlarının döyüş yolu barədə gənc nəsli məlumatlandırmağı nəzərdə tuturuq. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunur.
Bu gün Vətən Müharibəsi qazisi, Xüsusi Təyinatlı Qüvvələrin tərkibində Füzulidən Şuşayadək döyüş yolu keçən Cavid Həsənov sizlərə Azərbaycan ordusunun torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığı əməliyyatlarda göstərdikləri qəhrəmanlıqlardan danışacaq. Vətən Müharibəsi Qəhrəmanı adı ilə təltif olunan döyüş yoldaşlarının keçdiyi döyüş yolu ilə bağlı qəhrəmanlıq dastanını qazimizin öz dilindən eşidəcəksiniz”.
G.Həsənova bildirib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması, torpaqlarımızın xarici işğalçılardan müdafiəsi, işğal altında olan ərazilərimizin erməni silahlı birləşmələrindən azad edilməsi uğrunda aparılan döyüşlərdə sücaət göstərən şəxslər dövlət tərəfindən ən yüksək adla təltif edilib: “Həmin şəxslərin bir qrupu “Azərbaycanın Milli Qəhrəmanı”, digər qrupu isə “Vətən Müharibəsi Qəhrəmanı” adı kimi yüksək titullara layiq görülüblər. 2020-ci ilin 27 sentyabrınadək torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə xüsusi igidlik göstərən 218 nəfərə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2024-cü il tarixli sərəncamı ilə I Qarabağ müharibəsində xüsusi igidlik göstərən Natiq Qasımova da ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Bununla da “Azərbaycanın Milli Qəhrəmanı” adı alan şəxslərin sayı 219 nəfər olub. Bu fəxri adı alanlardan 15 nəfəri bu gün də sağ-salamatdır.
44 günlük Vətən Müharibəsi zamanı ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı göstərdiyi qəhrəmanlıq nümunəsinə görə isə 83 nəfərə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. “Vətən Müharibəsi Qəhrəmanı” adı verilən hərbçilərimizin 34 nəfəri döyüşlərdə şəhid olub, 49 nəfər isə salamatdır”.
Daha sonra torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmanlıqla döyüşərək şəhid olan Vətən Müharibəsi Qəhrəmanları barədə hazırlanan videorolik nümayiş etdirilib.
Daha sonra şagirdlər qarşısında çıxış edən Vətən Müharibəsi qazisi, Xüsusi Təyinatlı Qüvvələrin tərkibində Şuşayadək döyüş yolu keçən Cavid Həsənov torpaqlarımızın azadlığı uğrunda canından keçən döyüş yoldaşları barədə məlumat verib: “Vətən Müharibəsi Qəhrəmanı adı alan 83 nəfərdən 2-si general-leytenant, 3-ü general-mayor, 10-u polkovnik, 1-i 1-ci dərəcəli kapitan, 13-ü polkovnik-leytenant, 18-i mayor, 13-ü kapitan, 6-sı baş leytenant, 6-sı baş gizir, 2-si gizir, 5-i kiçik gizir, 1-i kiçik miçman, 3-ü isə əsgərdir. Vətən Müharibəsi Qəhrəmanı adı alan 83 nəfərdən 36 nəfəri Xüsusi Təyinatlı Qüvvələrin, 21 nəfəri Quru Qoşunlarının, 12 nəfəri Sərhəd Qoşunlarının, 7 nəfəri Hərbi Hava Qüvvələrinin, 4 nəfəri Daxili Qoşunların, 2 nəfəri isə Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçusudur. Vətən Müharibəsi Qəhrəmanlarının bir çoxu ilə çiyin-çiyinə döyüşmüşük. Onlardan bəziləri bu gün də Vətənə xidmətini davam etdirir. Bəzi qəhrəmanlarımız isə öz qanları ilə bir tarix yazırdılar. Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Ramiz Cəfərov mənim komandirim olub. Azərbaycan ordusunu Şuşayadək aparıb çıxaranlardan biri də polkovnik-leytenant Ramiz Cəfərov idi. Füzuli, Hadrut, Cəbrayıl, Qubadlı, Zəngilan və Şuşanın azadlığı uğrunda aparılan döyüşlərdə fəal iştirak edən qəhrəman zabitimizin sonuncu döyüşü Şuşa uğrunda oldu. Ramiz Cəfərov 2020-ci il noyabrın 6-da Şuşa şəhəri uğrunda aparılan döyüşlər zamanı qəhrəmanlıqla döyüşərək şəhid oldu”.
Cavid Həsənov daha sonra digər döyüş yoldaşlarının qəhrəmanlığından danışıb. Cavid Həsənov Vətən Müharibəsi Qəhrəmanları polkovnik-leytenant Əliyev Anar Vaqif oğlu, kapitan Abdullayev Rəşad Arif oğlu, baş gizir Cəbrayılov Sübhan Rahim oğlu, baş gizir İsmayılov Camal Vidadi oğlu, baş gizir Niftəliyev Mehrab Söhrab oğlu və gizir Əsgərli İntiqam Bayram oğlunun real döyüş əməliyyatlarında qəhrəmanlıqları barədə məlumat verib.
Daha sonra Vətən Müharibəsi qazisi Cavid Həsənov məktəblilərin suallarını cavablandırıb.