6 nəfərin yaralandığı partlayışla bağlı RƏSMİ AÇIQLAMA

15:45 - 7 Oktyabr 2024 - HADİSƏ

Nizami rayonunda baş vermiş partlayışla bağlı araşdırma aparılır.

Bu barədə Ucnoqta.az-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, oktyabrın 7-də, saat 13 radələrində paytaxtın Nizami rayonu, 8-ci köndələn küçəsində yerləşən sexdə partlayış baş verməsi barədə Nizami rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı qeyd olunan ünvanda yerləşən sexin ərazisində, ümumi sahəsi təxminən 40 m² olan qazanxanada yanğınla nəticələnməyən partlayışın baş verməsi nəticəsində 2 nəfər şəxsin xasarət alması müəyyən olunub.

Faktla bağlı Nizami rayon prokurorluğunda araşdırma aparılır.

TƏBİB-dən bildirilib ki, bu gün saat 13:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, 8-ci köndələn küçəsində qazanxanada partlayış baş verməsi səbəbilə çağırış daxil olub.

Hadisə yerinə 4 təcili tibbi yardım briqadası cəlb edilib.

6 nəfər müxtəlif bədən xəsarətləri ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə hospitalizasiya olunublar. Onlardan 1 nəfərin vəziyyəti kritik ağır, 1 nəfərin vəziyyəti ağır, 2 nəfərin vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti isə qənaətbəxş qiymətləndirilir. Hazırda onların zəruri diaqnostik müayinələri aparılır.

Təcili tibbi yardım briqadaları tərəfindən 2 nəfərə (qadın cinsli) nevrotik reaksiya diaqnozu ilə yerində yardım göstərilib. 

Sol sağrı üstü nahiyənin kəsilmiş yarası diaqnozu təyin edilən 39 yaşlı şəxs (qadın cinsli) isə ilkin yardımdan sonra hospitalizasiyadan imtina edib.

Xəbər xətti