Arvadının başını kəsib, oğluna xəsarət yetirən şəxs şikayətini geri götürdü

13:33 - 3 Oktyabr 2024 - HADİSƏ

Ali Məhkəmədə Xırdalanda həyat yoldaşını öldürməkdə və oğluna müxtəlif dərəcəli bədən xəsarətləri yetirməkdə təqsirləndirilən Ağaməhəmməd Əhmədovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, təqsirləndirilən şəxs kassasiya şikayətini geri götürüb.

Hadisə 2021-ci ilin dekabrında Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində qeydə alınıb. Belə ki, 1959-cu il təvəllüdlü A.Əhmədov yaşadığı evdə aralarında yaranan mübahisə zamanı arvadı, 1963-cü il təvəllüdlü Bəsti Əhmədovanı qətlə yetirib, oğlu, 1985-ci il təvəllüdlü Taleh Əhmədova isə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Daha sonra A.Əhmədov saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrumetmə), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, o, 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Xəbər xətti