Moody's İsrailin suveren reytinqini endirib

10:04 - 28 Sentyabr 2024 - İQTİSADİYYAT

Beynəlxalq reytinq agentliyi Moody's İsrail hökumətinin xarici və yerli valyutada uzunmüddətli emitent reytinqini mənfi proqnozla A2-dən Baa1-ə endirib.

Ucnoqta.az xəbər verir ki, Agentliyin saytında yer alan açıqlamada deyildiyi kimi, bu, "Hizbullah" ilə münaqişənin kəskinləşməsi səbəbindən baş verib.

Agentlik qeyd edir ki, İsrail rəhbərliyinin şimal bölgələrindən təxliyə edilmiş 60 min ölkə sakinini öz evlərinə qaytarmaq məqsədi daha fəal hərbi əməliyyatların keçirilməsini nəzərdə tutur. Eyni zamanda, Moody's Qəzza zolağında atəşkəs razılaşmasının əldə edilməsi şanslarının azaldığını, daxili siyasi və geosiyasi risklərin əhəmiyyətli dərəcədə artdığını vurğulayır. Proqnoza görə, İsraillə İran arasında genişmiqyaslı münaqişə ehtimalı aşağı olaraq qalır, lakin hələ də mümkündür.

Agentlik 2024-cü ilin sonuna kimi İsraildə hərbi əməliyyatlar nəticəsində ÜDM-in real artımının cəmi 0,5% olacağını gözləyir. 2025-ci il üçün proqnoz 4%-dən 1,5%-ə endirilib.

Xəbər xətti