BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) dünya ictimaiyyətini meymun xəstəliyinin yayılması ilə mübarizə planının həyata keçirilməsi üçün 18,5 milyon dollar ayırmağa çağırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə təşkilatın saytında müraciət yayımlanıb.
Müraciətdə qeyd olunur ki, Beynəlxalq Miqrasiya Təşkilatı meymun çiçəyi xəstəliyinin yayılma riski səbəbindən bütün dünyada miqrantlara, məcburi köçkünlərə və Afrika Buynuzu, Şərqi Afrika və Cənubi Afrikadakı icmalara əsas sağlamlıq xidmətləri göstərmək üçün 18,5 milyon dollar ayırmağa çağırır.
Beynəlxalq Miqrasiya Təşkilatının Baş Direktoru Emi Popun sözlərinə görə, xəstəliyin Afrikada yayılması pis həyat şəraiti və müxtəlif ölkələr arasında müntəzəm gediş-gəliş səbəbindən miqrantlar və köçkünlər üçün xüsusi təhlükə yaradır.
Bu fonda təşkilat miqrantlar arasında meymun çiçəyi xəstəliyinin yayılmasının qarşısının alınması, “yüksək riskli ərazilərin” müəyyən edilməsi və müxtəlif ölkələrdə tibb işçilərinin dəstəklənməsi tədbirlərini özündə əks etdirən plan hazırlayıb.
BMqT xatırladır ki, hazırda təkcə Konqo Demokratik Respublikasında meymun çiçəyi ilə bağlı şübhəli halların sayı 15 mini ötüb, onlardan 537-si ölümdür.
Xəstəliyin digər halları Burundi, Keniya, Ruanda, Uqanda və Cənubi Afrikada da qeydə alınıb.