Bakıkart mobil tətbiqi bu tarixdən bərpa olunacaq

16:22 - 13 Avqust 2024 - Xəbər

Xəbər verdiyimiz kimi, artıq bir həftəyə yaxındır 100 mindən çox istifadəçisi olan "Bakıkart" mobil tətbiqi və bakikart.az saytı fəaliyyətini dayandırıb. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi yaranmış problemlə bağlı rəsmi açıqlama yaymasa da səbəb mobil tətbiqdə yaranmış texniki nasazlıq göstərilir.

Ucnoqta.az-ın əldə etdiyi məlumata görə, yaxın bir neçə gün ərzində bakikart.az saytındakı problem aradan qaldırılacaq. İlk olaraq Bakıkart mobil tətbiqinin pul kisəsinə yüklənmiş vəsaitin karta yönləndirilməsi təmin olunacaq. Daha sonra - 10 gündən sonra mobil tətbiqin işinin bərpa olunacağı bildirilir. 

Qeyd edək ki, mobil tətbiqdə yaranmış bu hal ilk dəfə deyil baş verir. Belə ki, 2023-cü ilin dekbar ayında da Bakıkart mobil tətbiqində texniki problem yaranmışdı.

Xatırladaq ki, Bakıkart mobil tətbiqi 2023-cü il iyun ayından istifadəyə verilib. Bu mobil tətbiq vasitəsilə istifadəçilər QR bilet vasitəsilə ödəniş, karta məbləğ yükləyə bilirdilər. Həmçinin avtobus dayanacaqlar, avtobusları onlayn izləyirdilər.


Xəbər xətti