Bu gün Azərbaycan təmsilçisi "Qarabağ" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində cavab oyununa çıxacaq.
Ağdam klubu Bolqarıstan "Ludoqorets"i ilə səfərdə qarşılaşacaq. İlk matçda Bakıda rəqibinə 1:2 hesabı ilə uduzan Qurban Qurbanovun komandası həmin yenilginin əvəzini rəqib meydanında çıxmağa çalışacaq. Lakin bu, heç də asan deyil. Çünki "Ludoqorets" son illər Bolqarıstan futbolunun nəhəngi hesab edilir.
Razqrad şəhərini təmsil edən komanda 2011/12 mövsümündən başlayaraq son 13 mövsümün hamısında ölkəsinin çempionu olub. Komanda 8-i ardıcıl olmaqla 10 dəfə Avropa kuboklarının qrup mərhələsində çıxış edib.
"Qarabağ" - "Ludoqorets" cütünün qalibi ÇL-in pley-off mərhələsində Zaqreb "Dinamo"su (Xorvatiya) ilə üz-üzə gələcək.
Cütün məğlubu isə yoluna Avropa Liqasının pley-offunda davam edəcək və burada "Petrokub" (Moldova) - TNS (Uels) duelinin qalibi ilə qarşılaşacaq.
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab oyunu
13 avqust
22:00. "Ludoqorets" (Bolqarıstan) - "Qarabağ" (Azərbaycan)
Hakimlər: Simone Sozza, Giorgio Peretti, Davide İmperiale, Matteo Marchetti
VAR hakimləri: Gianluca Aureliano, Marco Serra (Hakimlər briqadası İtaliyadandır)
"Ludoqorets Arena"
İlk oyun - 2:1