Şahbuzda 19 yaşlı şəxsin minaya düşməsi faktı araşdırılır

09:47 - 12 Avqust 2024 - ÖLKƏ İÇİ

Avqustun 11-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş "Qanlıgöl" yaylağı adlanan ərazisində mina partlayışı hadisəsi baş verib.

Bu barədə Ucnoqta.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə nəticəsində 2005-ci il təvəllüdlü Şərur rayon sakini Bəxtiyar Sultanov müxtəlif dərəcəli xəsarətlər alıb. O, dərhal xəstəxanaya çatdırılaraq zəruri tibbi yardımlar göstərilib, hazırda vəziyyəti ağır olaraq qalır.

"Şahbuz rayon prokurorluğunun əməkdaşları tərəfindən prokuror-kriminalist və Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin iştirakı ilə hadisə yeri müayinə olunub və digər zəruri prosessual hərəkətlər icra edilib"- deyə məlumatda bildirilir.

Faktla bağlı Şahbuz rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti