Azərbaycan "Paris-2024"ü 7 medalla başa vurdu

15:00 - 11 Avqust 2024 - İDMAN

Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında daha bir təmsilçimiz bürünc medal qazanıb.

Ucnoqta.az xəbər verir ki, 97 kq çəki dərəcəsində Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov üçüncü yer uğrunda görüşdə Ukrayna təmsilçisi Murazi Mçelidzeni 8:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, bununla da Azərbaycan "Paris-2024"ü 7 medalla (2 qızıl, 2 gümüş və 3 bürünc) başa vurub. 

Cüdoçularımız Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu, taekvondoçu Qaşım Maqomedovla (58 kq) boksçu Alfonso Dominqes (92 kq) gümüş mükafat qazanıb.

Yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçi Giorgi Meşvildişvili (125 kq) isə bürünc medala sahib çıxıblar.

Azərbaycan Paris-2024 Yay Olimpiya Oyunlarında idmanın 15 növü üzrə 48 idmançı ilə təmsil olunurdu. Komandada yer alan 48 idmançıdan 20-si milliləşdirilmiş idmançılar idi: Rusiya (6), Ukrayna (5), ABŞ (3), İndoneziya (2), Gürcüstan (2), Kuba (1) və İran (1).

Xəbər xətti