Keçmiş hakim “Vahid Milli Hərəkat” partiyası, eləcə də digər müxalif siyasi birliklər Gürcüstanda hakimiyyətə gəlsələr, bir həftədən sonra ölkəni müharibəyə sürükləyəcəklər.
Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin baş naziri İrakli Kobaxidze məlumat verib.
“Bilirsiniz ki, Kollektiv Milli Hərəkat hakimiyyətə qayıtmaq istəyir. Lakin nəzəri olaraq buna icazə versək, çox qısa müddətdə, maksimum bir həftə ərzində Gürcüstanı yenidən müharibəyə aparacaq addımlar atacaqlar ki, biz buna heç bir şəraitdə yol verməməliyik”, - Kobaxidze bildirib.
Onun sözlərinə görə, 2022-ci ildən Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Gürcüstanda müxalifət Rusiya Federasiyasına qarşı ikinci cəbhə açmağa çalışır.
“Onlar hökumətin rəsmi razılığı ilə döyüşçülərin və könüllülərin Ukraynaya göndərilməsini tələb edirdilər. Onlar öz arzu və maraqlarını gizlətmirdilər ki, Gürcüstanda “ikinci cəbhə” açılsın”, - Kobaxidze yekunlaşdırıb.