Çempionlar liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Bolqarıstanın “Ludoqorets” klubu ilə qarşılaşan “Qarabağ” Bakıda 2-1 hesabı ilə məğlub oldu. “Köhlən atlar”ın məğlubiyyəti klub azarkeşləri və futbolsevərlər tərəfindən sərt tənqidlə qarşılandı.
Bəzi azarkeşlər sosial şəbəkələrdə “Qarabağ”ın bilərəkdən uduzduğunu, klubun əsas məqsədinin Avroliqada çıxış edərək, daha çox özünə bab olan rəqiblərlə mübarizə aparmaq niyyətində olduğunu iddia edib. Hətta bəzi azarkeşlər iddia etdilər ki, Ağdam təmsilçisi oyunu “satıb”.
Ucnoqta.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan Aut.az saytının baş redaktoru, tanınmış idman jurnalisti Natiq Muxtarlı bildirib ki, səslənən fikirlər əsassızdır və “Qarabağ” hər oyunda qalib gələcək deyə bir qayda yoxdur:
“Bəzi azərbaycanlılarda belə düşüncə formalaşıb ki, “Qarabağ” bütün rəqiblərə asanlıqla qalib gəlməlidir. Təbii, belə düşüncəni formalaşdıran da elə “Qarabağ”ın özüdür. Dünənə qədər məğlub düşüncəyə sahib olan bu şəxslər məhz “Qarabağ”ın qələbələri sayəsində böyüdülər, iddialı oldular. İndi isə “Qarabağ”dan tələb edirlər: Bütün oyunlarda qalib gəlməlisən. Belələri heç bir məntiqə söykənmirlər: Hansı ölkədə yaşadıqlarını, “Qarabağ”ın hansı çempionatda oynadığının fərqinə varmırlar. “Ludoqorets” niyə zəif komanda olmalıdır? Onlar Bolqarıstan çempionudurlar. Özü də uzun illərdir ki, hegemonluq edirlər. Mütəmadi olaraq Avrokubokların qruplarında oynayırlar. Ümumiyyətlə, futbolda bir komandanın daim qələbə qazanması mümkün deyil axı. Ötən mövsümü məğlubiyyətsiz keçirən “Bayer” özündən “zəif” “Atalanta”ya niyə məğlub oldu Avropa Liqasının finalında? Yoxsa Alonsonun yetirmələri bilərəkdən məğlub oldular. Həmin oyunda alışdığımız “Bayer”i görmədik. Deməli, “Atalanta” rəqibi əla təhlil etmişdi. Deməli, “Bayer”in futbolçuları həmin gün zəif çıxış etdilər, “Atalanta”da isə əksinə, hər şey mükəmməl alındı. Futbolun qanunauyğunluğudur bu”.
Natiq Muxtarlı “Qarabağ”ın səfərdə mütləq qələbə üçün mübarizə aparacağını qeyd edib:
““Ludoqorets” iddialı komandadır və Bakıda da düzgün taktika seçib nəticə əldə etdi. Amma “Qarabağ” da sıradan komanda deyil və bir komandaya iki dəfə uduzmaz. “Köhlən atlar” Bolqarıstana mütləq qələbə ardınca gedəcəklər və oradan sərfəli nəticə ilə qayıtmaq şansları da yüksəkdir. Bakıdakı məğlubiyyətin əsas səbəbi isə “Qarabağ”ın ələ düşən imkanlardan yararlana bilməməsi oldu. Ümid edirəm ki, səfər oyununda futbolçular daha diqqətli və məsuliyyətli olacaq. “Qarabağ”ın hədəfi ÇL-in qrup mərhələsidir və bunun uğrunda da mübarizə aparır. Amma digər klublar da eyni hədəfə kökləniblər. Bu mərhələdə zəif və ya təsadüfü rəqib olmur. Hamı futbol oynamağı bacarır. “Qarabağ” səfərdə yenə də diktə edən tərəf olacaq. Və yaradılan imkanlardan maksimum yararlansalar, “Ludoqorets” səddi keçiləcək. Amma bu futboldur, olmaya da bilər. Alınamsa isə “Qarabağ”a ləkə vurmaq yox, dəstək olmaq lazımdır. Futbolu bataqlığın içində olan bir ölkədən belə bir komanda çıxıbsa, onu ləkələmək yox, qorumaq lazımdır”.