27-28 iyul 2024-cü il tarixində Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Yaşıl Gələcək üçün Davamlılıq Proqramı” adlı layihə həyata keçirilib.
Ucnoqta.az xəbər verir ki, tədbirin açılışında layihə rəhbəri Nigar Həşimova çıxış edərək bu cür layihələrin əhəmiyyətindən danışıb. O qeyd edib ki, ölkəmizdə ekoloji maarifləndirmə və davamlılıq mövzularına böyük diqqət yetirilir. Dövlət tərəfindən bir çox proqramlar və layihələri həyata keçirilir ki, bu da gənclərin ekoloji bilik və bacarıqlarını artırmaq üçün geniş imkanlar yaradır. Nigar Həşimova bildirib ki, ekoloji təhsil gənclərin müxtəlif ekoloji problemləri tanımasına, bu sahədə bilik və bacarıqlarını inkişaf etdirməsinə və ekoloji davamlılıq prinsipini tətbiq etməsinə yardım edən mühüm bir istiqamətdir.
Layihənin ilk günü ekoloji davamlılıq, bərpa olunan enerji mənbələri və iqlim dəyişikliyi ilə mübarizə yolları, həmçinin COP29-un məqsəd və strategiyalarının yerli və qlobal səviyyədə tətbiqi müzakirə edilib. Qeyd edək ki, ilk günün təlimçisi Nigar Həşimova olub. Layihədə COP29-un əhəmiyyəti və bu tədbirin Bakıda keçirilməsinin yaratdığı imkanlar barədə geniş müzakirələr aparılıb. Bu müzakirələr, davamlılıq strategiyalarının necə tətbiq edilə biləcəyi və ətraf mühitin qorunması mövzusunda vacib addımlar atmağa ilham verib.
Layihənin ikinci günü isə Yerin məsafədən müşahidəsi texnologiyalarının ətraf mühit, kənd təsərrüfatı, təbii fəlakətlər və iqlim dəyişiklikləri sahəsində tətbiqi izah edilib. İkinci günün seminarının təlimçisi, Azərkosmosun CİS mərkəzinin Peyk Təsvirlərinin Emalı bölməsinin rəhbəri Murad Camalov olub. Seminarın hər iki günü qrup işləri keçirilib və iştirakçılar günün sonunda öz nəticələrini və təkliflərini təqdim ediblər. İştirakçılar arasında aktiv müzakirələr aparılıb və hər qrup öz təkliflərini təqdim edərək layihənin əsas məqsədlərinə töhfə veriblər. Nəticədə, seminar iştirakçıları ekoloji davamlılıq və iqlim dəyişikliyi mövzularında bilik və bacarıqlarını genişləndiriblər, həmçinin praktiki təcrübə qazanıblar.
Hər iki gündə iştirak edənlərə sertifikatlar təqdim olunub.
Layihə, gənclərin ekoloji bilik və bacarıqlarını inkişaf etdirməyə, ekoloji məsələlərdə daha fəal olmalarına və davamlı bir gələcək qurmaq üçün lazımi addımları atmağa yardımçı olub. Layihənin sonunda iştirakçılar öz fikirlərini və təkliflərini bölüşərək, ekoloji davamlılıq sahəsində daha geniş bir şəbəkə qurmağın vacibliyini vurğulayıblar. Həmçinin qlobal iqlim dəyişikliyi mövzusunda məlumatlılığın artırılması və bu sahədəki problemlərin həllinə yönəlmiş tədbirlərin əhəmiyyəti qeyd olunub.