Sabah çox vacib oyuna çıxacağıq. Rəqibimiz çox təcrübəlidir.
Ucnoqta.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bolqarıstanın “Ludaqorets” klubuna qarşı keçirəcəkləri ilk oyundan öncə təşkil olunan mətbuat konfransında deyib. O, “Ludaqorets”in oyunçularının fərdi olaraq güclü olduğunu bildirib: “Məni cəlb edən rəqibin futbolçularının təcrübəli olmasıdır. Bizə gəlincə, oyuna çox hazırlaşa bilmədik. Çünki ölkə çempionatında matç keçirdik. Sabah çalışacağıq ki, azarkeşlərimizə yaxşı oyun göstərək”.
“Qarabağ”ın baş məşqçisi ölkə çempionatında “Araz Naxçıvan”la keçirilən matçda qırmızı vərəqə alan Elvin Cəfərquliyev barədə də danışıb: “Bu vərəqənin olması digər oyunçulara da siqnal verir. Elvinin yaşı da az deyil və təcrübəsi çoxdur”.
Qeyd edək ki, avqustun 6-da keçiriləcək “Qarabağ” – “Ludoqorets” matçı saat 20:00-da başlayacaq. Cavab görüşü isə avqustun 13-də olacaq.