Hindistan paytaxtında qırmızı xəbərdarlıq verildi - məktəblər bağlandı

07:42 - 1 Avqust 2024 - DÜNYA

Ötən gecə Hindistanın paytaxtına yağan güclü leysan şəhərin müxtəlif yerlərində genişmiqyaslı daşqınlara səbəb olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Hindistan televiziyası məlumat yayıb.

Bir neçə saat ərzində küçələr çaylara çevrilib və nəqliyyatın hərəkəti dayandırılıb. Meteostansiyalar paytaxt rayonlarının bəzi yerlərində 147 mm-ə qədər yağıntı qeydə alıb.

Hindistan Meteorologiya Departamenti (IMD) 24 saat ərzində Milli Paytaxt Dehli (Yeni Dehli də daxil olmaqla) bölgəsi üçün qırmızı hava xəbərdarlığı vermək qərarına gəlib. Sakinlərə evdə qalmaq, pəncərə və qapıları bağlı saxlamaq və lazımsız səyahətlərdən çəkinmək tövsiyə olunur. Dehli hökuməti mövcud hava şəraitini nəzərə alaraq cümə axşamı bütün məktəbləri bağlamaq qərarına gəlib.

Gecə saatlarında yanğınsöndürənlər tərəfindən binaların və evlərin divarlarının uçması ilə bağlı vətəndaşların 10-dan çox müraciəti qeydə alınıb. Polisin bildirdiyinə görə, paytaxtın şərq bölgəsindəki Qazipurda 22 yaşlı qadın və uşağı su basmış kanalizasiyada boğulub.

Xəbər xətti