Juninyo het-trikindən danışdı

20:01 - 31 İyul 2024 - İDMAN

“Özümüzə inam qazanmaq baxımından çox önəmli oyun idi. Həm də oyun ritmini hiss etmək üçün xeyirli oldu. Qarşıda bir həftə var. Bu həftə ərzində növbəti oyuna köklənmək üçün çalışmaq lazımdır”. 

Ucnoqta.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Olaviyo Juninyo Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Bakıda "Linkoln"u darmadağın etdikləri oyundan (5:0, ilk matç - 2:0) sonra jurnalistlərə açıqlamasında deyib.

O, son görüşdə 3 qol vurduğuna baxmayaraq, daha çox çalışmalı olduğunu  qeyd edib: “Çünki komandaya daha çox fayda vermək istəyirəm. Həm də bu, məşqlərdə çəkdiyimiz əziyyətlərin bəhrəsidir. Mənim ilk növbədə hədəfim komandama kömək etməkdir”. 

Juninyo “Linkoln”a Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində 3 qol vuraraq “Qarabağ”ın Avropada het-trik edən ilk futbolçusu oldu. Hücumçu bu haqda belə deyib: “İstənilən halda, bu, mənim üçün sevindirici məqamdır. Amma ondan da sevindirici məqam komandamın qələbəsidir”.

27 yaşlı braziliyalı futbolçu azarkeşlərin stadionda çoxluq təşkil etməsindən də söz açıb: “Əslində, bu qədər azarkeşin gələcəyini gözləyirdim. Avropa miqyaslı yarışlarda azarkeşlər həmişə bizə dəstək olublar. Ümid edirəm ki, nəinki Avropa yarışlarında, milli çempionatda da azarkeşlər gəlib bizə dəstək olacaqlar”. 

O, “Hədəf Çempionlar Liqasının qrup mərhələsidirmi” sualına belə cavab verib: “Hələ qarşıda keçməli olduğumuz yol var. Oyundan oyuna işləmək lazımdır, ondan sonra hər şey bilinəcək”. 

Juninyo bu həftə Misli Premyer liqasının ilk turunda “Araz Naxçıvan”a qarşı keçirəcəkləri matç haqda belə deyib: “Yarışdan fərqli olmayaraq hər oyuna istəkli, köklənmiş halda çıxacağıq”.

Xəbər xətti