“Özünəməşğulluq fəaliyyətinin təşviqi” layihəsinə start verilib - Foto

19:23 - 27 İyul 2024 - ÖLKƏ İÇİ

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi, İnnovativ İnkişafa Dəstək ictimai birliyinin icra etdiyi “Özünəməşğulluq fəaliyyətinin təşviqi” layihəsinə start verilib.

Ucnoqta.az xəbər verir ki, layihənin ilk tədbiri Quba rayonunda özünəməşğulluq fəaliyyətini qurmaq istəyən xanımlar üçün təşkil edilib.
Tədbiri giriş sözü ilə təşkilatın sədri və layihə rəhbəri Hümmət Əliyev açaraq layihənin donoru və məqsədləri haqqında iştirakçılara məlumat veribdir. O qeyd edibdir ki, layihənin əsas məqsədi Quba, Qusar və Siyəzən rayonlarında özünəməşğulluq fəaliyyətini qurmaq istəyən və ya bu sahədə məlumatı olmayan xanımların məlumatlılıq səviyyəsini artırmaqdır.

Tədbirdə həmçinin Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz Regional Məşğulluq filialının İşsiz şəxslərlə iş şöbəsinin müdiri Cuma Nəbiyev və digər əməkdaşları iştirak edibdir. Dövlət Məşğulluq Agentliyinin özünəməşğulluq fəaliyyəti üzrə həyata keçirdiyi işlər xanımların diqqətinə çatdırılıbdır.

Layihənin təlimçisi Rafət Şirəliyev xanımlara özünəməşğulluq fəaliyyətinin qurulması, onun üstünlükləri, sahibkarlıq, mikro və kiçik sahibkarlıqların idarə edilməsi, dövlət dəstəyi proqramları və onlardan faydalanmağın yolları kimi mövzular üzrə təlim həyata keçiribdir.

Təlim bir tam günü əhatə edibdir. Təlim boyu qadınların sualları cavablandırılıb, müvafiq müzakirələr aparılıbdır. İştirak edən bütün xanımlara sonda sertifikat təqdim edilibdir.


Xəbər xətti