“Abidələrə qayğı – Bakı şəhərində heykəltəraşlıq əsərlərinin təmizlənməsi və bərpası” layihəsi çərçivəsində növbəti bərpa-təmizləmə işləri Milli Qəhrəman Albert Aqarunovun şərəfinə ucaldılmış heykəlin üzərində aparılıb.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, heykəl 2019-cu ildə Bakı şəhərinin Nərimanov rayonu ərazisində ucaldılıb.
Albert Aqarunov 25 aprel 1969-cu ildə Bakının Əmircan qəsəbəsində, yəhudi ailəsində anadan olub. 1992-ci il mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. Layihənin icrası Ömər Eldarov tərəfindən akademiyanın müəllimləri - Rahib Qarayev və Zamik Rzayevə həvalə edilib. Heykəlin kompozisiyası və eskiz ideyası da Rahib Qarayev və Zamik Rzayevə aiddir. Abidədə əks olunan qayadan çıxmaq təsviri Dağlıq Qarabağın simvoludur. Texniki cəhətdən tankı göstərmək mümkün olmadığına görə, qayadan istifadə edilərək fraqment verilib.
Təbiətin, aqressiv mühitin yaratdığı müxtəlif rəng dəyişmələri, korroziyaların aradan qaldırılması və heykəlin ilkin vəziyyətinə qaytarılması üçün onun təmizlənmə prosesi başlanıb. Heykəl yad təsirlərdən, çirklərdən təmizlənərək ilkin vəziyyətinə qaytarılır və sonrakı mərhələdə qaydalara uyğun olaraq, tonlama prosesi başlanılır. Bundan sonra heykəlin yad təsirlərdən uzun müddət qorunması məqsədilə ona qoruyucu qat çəkiləcək. Heykəllərin unikallığının qorunması və təhlükəsizliyinin təmin olunması məqsədilə peşəkar heykəltaraşların nəzarəti ilə texniki heyət tərəfindən görülən işlər bütün standartlara uyğun və keyfiyyətlə həyata keçirilir.