İqtisadiyyat naziri İtaliyada bir sıra görüşlər keçirib - FOTO

19:40 - 18 İyul 2024 - İQTİSADİYYAT

İqtisadiyyat naziri Mikayıl Cabbarovun İtaliyaya səfəri çərçivəsində keçirilən görüşlərdə Azərbaycan-İtaliya iqtisadi əlaqələrinin inkişaf imkanları müzakirə edilib.

Ucnoqta.az xəbər verir ki, İtaliyaya səfəri çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov bu ölkənin şirkətlər və “Made in Italy” naziri Adolfo Urso ilə görüşüb. Bildirilib ki, Azərbaycan və İtaliya çoxşaxəli strateji tərəfdaşlığın möhkəmləndirilməsinə böyük əhəmiyyət verir. Görüşdə ölkəmizin Şərqlə Qərbi birləşdirən mühüm ticarət marşrutu olan Orta Dəhlizinin inkişafında rolu qeyd edilib, sahibkarlar üçün yaradılmış cəlbedici investisiya imkanları barədə məlumat verilib.

Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində çalışan İtaliya şirkətlərinin ölkəmizdə uğurlu fəaliyyəti vurğulanıb, işgüzar dairələr arasında tərəfdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

İtaliya Respublikasının ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto-Fratini ilə görüşdə energetika sahəsində əməkdaşlığın müsbət nəticələri qeyd olunub. Bildirilib ki, enerji sahəsində əməkdaşlıq ölkələrimiz arasında ikitərəfli iqtisadi əlaqələrin mühüm hərəkətverici qüvvəsidir. Cənub Qaz Dəhlizinin seqmentlərindən biri olan Trans-Adriatik Boru Kəmərinin (TAP) həyata keçirilməsi əlaqələrimizdə mühüm tarixi mərhələdir. Bununla yanaşı, Azərbaycan “yaşıl” enerjinin tədarükü, “yaşıl” hidrogen istehsalı və nəqli sahəsində lazımi təcrübəyə və nou-hauya malik İtaliya şirkətləri ilə əməkdaşlıqda maraqlıdır. Görüşdə Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən Avropaya “yaşıl enerji”nin ixracını nəzərdə tutan layihənin “yaşıl keçid”in dəstəklənməsinə önəmi vurğulanıb.
Nazirlər həmçinin COP29-un prioritetləri, qlobal miqyasda faydaları və potensial tərəfdaşlıq imkanlarına dair fikirlərini bölüşüblər.
İqtisadiyyat naziri İtaliyanın kənd təsərrüfatı, ərzaq suverenliyi və meşə təsərrüfatı naziri cənab Françesko Lollobrigida ilə görüş keçirib.
Bildirilib ki, İtaliya şirkətlərinin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə yenidənqurma layihələrinə cəlb olunması möhkəm iqtisadi əlaqələrin göstəricisidir və bu tərəfdaşlığın daha da genişləndirilməsi üçün potensial imkanlar mövcuddur. Xüsusilə, kənd təsərrüfatı, aqrar maşınqayırma, irreqasiya sahələrində İtaliyanın qabaqcıl təcrübəsinin öyrənilməsi və bu istiqamətdə tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır.
Görüşdə dayanıqlı iqtisadi artım, resurslardan səmərəli istifadə və ərzaq təhlükəsizliyinin təminatı üzrə hədəflər müzakirə olunub. Tərəflər bu istiqamətdə tərəfdaşlığı inkişaf etdirmək və mövcud potensialı reallığa çevirmək niyyətini ifadə ediblər.
 


Xəbər xətti