“Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) ictimai birliyi tərəfindən cari ilin 12-14 iyul tarixlərində Lənkəran şəhərində yerləşən “Lüks Lənkəran” otelində “Gənc ailələrdə boşanmaların artması – cəmiyyətin problemi kimi” layihəsi çərçivəsində Azərbaycan Respublikasının 15 yaşayış məntəqəsindən (Ağcabədi, Ağsu, Bakı, Biləsuvar, Cəlilabad, Laçın, Lerik, Lənkəran, Masallı, Sabirabad, Sumqayıt, Şəki, Şirvan, Şəmkir, Yardımlı) olan 25 nəfər gənc üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 3 günlük nəzəri-praktik konfransın keçirib.
Ucnoqta.az xəbər verir ki, nəzəri-praktik konfransda coğrafi və gender balans nəzərə alınmaqla, respublika üzrə 18-29 yaş arası 25 nəfər gənc və gənc ailələri təmsil edən 13 nəfər qız və 12 nəfər oğlanın iştirakı təmin olunub. İctimai birliyin heyətindən başqa konfransda qonaq qismində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəis müavini Könül Manafova və Ombudsman Aparatının Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, ekspert qismində isə Lənkəran Rayon Vəkil Bürosunun vəkili və mediator Zaur Qasımov və Astara rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin baş psixoloqu Fərrux Əliyev iştirak edərək özlərinin şəxsi bilik və təcrübələrini gənclərlə bölüşmüş və iştirakçı gənclərin suallarını cavablandırıb.
Nəzəri-praktik konfransda işçi heyətlə iştirakçılar arasında “boşanmalar və məişət zorakılığı” sahəsində bir çox mövzuların – “Azərbaycanda ailə institutu, adət-ənənələr, klassik və müasir ailə dəyərləri, Nikah, nikah hüququ və nikah müqaviləsi anlayışları, Birgə nikah dövründə əldə edilən əmlakın və mülkiyyətin bölüşdürülməsi, aliment öhdəlikləri, Erkən nikahlar, onların başvermə səbəbləri və sosial fəsadları, Azərbaycanda nikahlar və boşanmalar: cari vəziyyət və mövcud statistika, Məişət zorakılığı, onun formaları və onlara qarşı mübarizə tədbirləri, Ailədaxili zorakılığa qarşı məsuliyyət – milli qanunvericilik və İstanbul Konvensiyası, Məlumat bankı - Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, Ailə, əxlaq və etika konsepsiyası, Ailədə və cəmiyyətdə uşaqlar, uşaqlara qarşı qısnama və ayrı-seçkilik, Uşaqlara qarşı zorakılıq – BMT-nin Uşaq Hüquqları Konvensiyası, İctimai qınaq, ictimai iştirakçılıq və onun formaları, İctimai nəzarət, ictimai müzakirələr və ictimai dinləmələr” müzakirə olunub və 3 günlük tədbir ərzində aidiyyəti mövzularla bağlı müxtəlif sosial çarxların izlənib.
Layihənin məqsədi Azərbaycanda artmaqda olan boşanmalara və buna rəvac verən məişət zorakılığına qarşı ictimai mübarizəni gücləndirmək məqsədi ilə gənclərin və gənc ailələrin ölkə miqyasında maarifləndirilməsini və məlumatlandırılmasını təşkil etməkdən ibarətdir.