Masallıda məktəbli qızların iştirakı ilə tədbir həyata keçirilib - FOTO

16:27 - 5 İyul 2024 - ÖLKƏ İÇİ

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Ümidim Sənsən" Sosial İnkişafa Yardım ictimai birliyinin icra etdiyi “Məktəbli qızların sosial inkişafına dəstək” layihəsi çərçivəsində ilk olaraq Masallı rayonunda məktəbli qızların iştirakı ilə “Bir qızın təhsil alması, bir nəslin təhsil almasına bərabərdir” adlı tədbir həyata keçirilib.

"Ümidim Sənsən" Sosial İnkişafa Yardım İB-nin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, tədbirdə Masallı rayonun müxtəlif kənd məktəblərində oxuyan 23 nəfərdən çox məktəbli qız iştirak edib.

Tədbirdə çıxış edən təşkilatın sədri və layihə rəhbəri Fidan Abbaslı layihənin donoru və mövzunun aktuallığı, dövlətin təhsilə göstərdiyi diqqət və qayğının nəticələri, qızların təhsilinin önəmi barədə məlumatları diqqətə çatdırıb. O, layihənin sonunda məktəbli qızlar üçün təşkil ediləcək sosial ekskursiya barədə də iştirakçılara məlumat verib. 

Tədbir zamanı layihə eksperti, Lənkəran Dövlət Universitetinin müəllimi Samir Salayev seminarda iştirak edən məktəbli qızlarla “Təhsilin karyera quruculuğunda rolu, təhsilin qızların sosial həyatına təsiri” istiqamətində müzakirələr aparılıb, məktəbli qızların təqdimatları dinlənilib. Yekunda məktəbli qızlar layihə barədə müsbət fikirlərini bölüşüb və belə tədbirlərin davamlı təşkilini arzu ediblər. Seminarların yekununda iştirakçılara təşkilat tərəfindən sertifikatlar təqdim olunub.

Mövzu üzrə silsilə tədbirlərin növbəti mərhələsi hər rayonda 2 tədbir olmaqla Masallı, Lənkəran və Cəlilabad rayonunda təşkil ediləcək. Layihədən ümumilikdə 120 nəfərdən çox məktəbli qızın faydalanması planlaşdırılıb.
Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd məktəbli qızların təhsildən yayınma səbəblərini qismən də olsa aradan qaldırmaq və gələcəyin savadlı kadrlarının yetişdirilməsində qadınların rolunun artırılmasına dəstək olmaqdır.


Xəbər xətti