Bağ evləri gündən-günə bahalaşır ... - SƏBƏBİ ...

11:39 - 5 İyul 2024 - ÖLKƏ İÇİ

Yay mövsümünün başlanması ilə paytaxt Bakıda və istirahət zonalarında evlərin günlük və aylıq kirayə qiymətləri bahalaşıb. Qiymətlər bahalaşsa da demək olar ki, boş ev tapmaq mümkün deyil. Bunun səbəbi nədir? 

Ucnoqta.az xəbər verir ki, mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Anar Nəsirov Lent.az-a açıqlamasında bildirib ki, hazırda Bakı şəhəri, ətraf qəsəbələr və dənizə nisbətən yaxın ərazilərdə günlük və aylıq kirayə qiymətlərində artım qeydə alınır.

Onun sözlərinə görə, bundan başqa qiymətlərin qalxmasına baxmayaraq, boş ev tapmaq çox çətindir:

"Baxmayaraq ki, paytaxt sakinləri yay aylarını rayonlarda və istirahət zonalarında keçirməyə üstünlük verirlər. Amma yenə də bu yay aylarında günlük və aylıq kirayə mənzil bazarında ciddi mənzil çatışmazlığı qeydə alınır. Kirayə mənzil bazarına təsir edən əsas amillərdən biri istirahət və gəzinti üçün Azərbaycanı seçən əcnəbi turistlərdir. Əcnəbi turistlərin istirahət və gəzinti üçün Azərbaycanı seçmələrinin əsas səbəblərindən biri də ölkəmizdə özlərini daha təhlükəsiz və rahat hiss etmələridir. Məhz bu səbəbdən Azərbaycana üz tutan turistlərin sayında artım qeydə alınır. Ümumiyyətlə, təkrar kirayə mənzil bazarında son 3-4 ildə sıxlıq və mənzil çatışmazlığı müşahidə olunur. Çünki  paytaxt Bakının mərkəzi hissələrində pilot layihə kimi baş tutan söküntülərin də kirayə mənzil bazarına böyük təsiri var. Belə ki, tikintini aparan şirkət sökülən həyət və binalarda yaşayan sakinləri evləri tikilib başa çatana qədər kirayə mənzillərlə təmin edir. Belə olan halda deməli bir mənzil ən az 3 il təkrar kirayə mənzil bazarına çıxarılmır. Düşünürəm ki, mənzil çatışmazlığı avqust ayının ortalarından başlayaraq daha da pik həddə çatacaq. Çünki yeni dərs ilinin başlaması bu prosesi sürətləndirəcək".

Xəbər xətti