2023/2024 mövsümünü "qızıl dubl"la başa vuran "Qarabağ" yeni "futbol ili"nin hazırlıqlarını "Azesun Arena"da davam etdirir.
Ağdam təmsilçisinin sözçüsü Anar Hacıyevin Fanat.Az-a verdiyi məlumata görə, "köhlən atlar"ın sıralarında zədəli futbolçu yoxdur.
Gürcüstan millisi ilə Almaniyada keçirilən Avropa çempionatına yollanan Luka Quqeşaşvilini nəzərə almasaq, komanda tam heyətlə çalışır. Qurban Qurbanovun komandası bu gün yalnız axşam məşqi ilə kifayətlənəcək.
Yeni transferlərə gəlincə, 2023-cü ilin qışında "Krasnodar"a satılan Kadinin geri qaytarılması ilə bağlı danışıqlar davam etdirilir. Onun Azərbaycan təmsilçisinə dönəcəyi indilik dəqiqləşməsə də, bu ay "Qarabağ"a qoşulmaq ehtimalı qüvvədədir.