Pirsaat su anbarında suyun səviyyəsi kritik həddə çatıb, Hacıqabulun 2 kəndi ilə əsas nəqliyyat əlaqəsi kəsilib.
APA-nın məlumatına görə, son bir-neçə gündə yağan aramsız leysan yağışları dağ çaylarının daşmasına səbəb olub.
Dağlıq rayonlarda formalaşaraq daha çox yağış və dağ çaylarının suyu ilə qidalanan Pirsaat çayında bol sululuq səbəbindən Pirsaat su anbarında suyun səviyyəsi kritik həddə çatıb.
Su anbarının ümumi həcmi 17 milyon kubmetr olsa da, hazırda su anbarının dibinin lildən təmizlənməməsi səbəbindən anbarın su tutumu 2 milyon kub metrə qədər azalıb.
Nəticədə böyük su axınını özündə saxlaya bilməyən su anbarından su axının həcmi və suyun maksimal sürəti rayonun Bakı-Qazax magistralının sol tərəfində yerləşən Rəncbər və Qubalı-Baloğlan kəndlərində su kanallarının məcrasından çıxmasına səbəb olub.
Kanalların vaxtında genişləndirilməməsi və dərinləşdirmə işlərinin aparılmaması da suyun məcradan çıxmasına səbəb olan hallardan biridir. Rəncbər kəndinin girişində yerləşən körpü dağıldığından hər iki kəndlə əsas nəqliyyat əlaqəsi olan yol bağlanıb.
Qubalı-Baloğlan kəndində 50-dən çox evi su basıb. Bəzi təsərrüfatlarda ev heyvanları və ev quşları tələf olub.Qubalı-Baloğlan kənd sakini Mirbəşir Əsgərova məxsus təsərrüfatda 8 min 1-3 aylıq cücə tələf olub. Hazırda rayon İcra hakimiyyətinin texniki vasitələri və FHN-in texnika və canlı qüvvəsi təbii fəlakətin aradan qaldırılması istiqamətində tədbirlər görürlər.
Qeyd edək ki, daha çox yağış və dağ çaylarının suyu ilə qidalanan Pirsaat su anbarı Hacıqabul rayonunun Pirsaat kəndi, Navahı qəsəbəsini, Rəncbər, Qubalı-Balaoğlan və Atbulaq kəndlərini suvarma suyu ilə qismən təmin edir. Pirsaat su anbarının ümumi həcmi 17 milyon kubmetr, faydalı həcmi 12 milyon kubmetrdir