Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi, Regional İnkişafın Dəstəklənməsi İctimai Birliyinin icra etdiyi “Qadınların iqtisadi azadlığının təşviqi” layihəsinə start verilib.
Ucnoqta.az xəbər verir ki, layihənin ilk tədbiri 27 iyun 2024-cü il tarixində Masallı rayonunda keçirilib. Tədbiri giriş sözü ilə Regional İnkişafın Dəstəklənməsi İctimai Birliyinin sədri və layihə rəhbəri Rafət Şirəliyev açaraq layihənin donoru və məqsədləri haqqında iştirakçılara məlumat verib. O bildirib ki, layihə cənub regionunun 5 rayonunu əhatə edir. Belə ki, ilk tədbir Masallı rayonunda olduqdan sonra Lənkəran, Astara, Cəlilabad və Biləsuvar rayonlarında da eyni formatda təşkil ediləcəkdir.
Daha sonra layihənin təlimçisi Samir Salayev çıxış edərək Azərbaycanda qadınların iqtisadi azadlığı, qadınlar üçün həyata keçirilən proqram və layihələr, qadınların işgüzar həyatda rolu və s. bu kimi mövzular iştirakçıların diqqətinə çatdırıb.
Təlimdə iştirakçılarla fikir mübadiləsi aparılıb, müxtəlif komanda işləri həyata keçirilib və təkliflər dinlənilibdir.
Təlimin sonunda iştirak edənlərə sertifikatlar təqdim edilib.