Güclü külək Balakəndə fəsadlar törədib, rayona elektrik enerjisinin verilməsində fasilə yaranıb.
APA-nın məlumatına görə, xəbər verildiyi kimi ölkənin Şimal-qərb bölgəsində ötən gün axşam saatlarından başlayaraq hava şəraiti qeyri-sabit keçir.
Gün ərzində bölgənin rayonlarında fasilələrlə güclü külək, qısamüddətli leysan və bəzi ərazilərdə dolu yağması müşahidə olunub.
Bu gün axşam saat 17 radələrində Balakən rayonunun mərkəzində güclü küləklə müşahidə olunan qısamüddətli leysan yağıb. Əldə olunan məlumata əsasən güclü külək şəhərin Ə.Ansuxski küçəsində irigövdəli ağacın budaqlarını qırılaraq ərazidən keçən yüksək gərginlikli elektrik naqillərini qırıb. Rayonun başqa ərazilərində də bir neçə ağacın aşdığı bildirilir. Güclü küləyin yaratdığı fəsadlar səbəbindən rayonun çox hissəsinə elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Hazırda aidiyyəti qurumlar küləyin törətdiyi fəsadları aradan qaldırmaq istiqamətində işlər aparırlar.
Qeyri-sabit hava şəraiti davam edir.