Çinin şərqində və cənubunda güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində ən azı 11 nəfər ölüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.
Xilasetmə xidmətlərinin ilkin məlumatlarına görə, şərqdəki Anhuy əyalətində daşqınlar iki nəfərin həyatına son qoyub. Ölkənin cənubundakı Quanqdonq əyalətində daha 9 nəfər ölüb.
Huanqşan şəhərində (Anhuy əyaləti) çətin vəziyyət davam edir. Şəhərin bəzi ərazilərində yağıntının səviyyəsi son vaxtlar 405 mm-i keçib.
Bu günə qədər Huanqşan şəhərində 179 minə yaxın insan bu və ya digər dərəcədə daşqınlardan zərər çəkib, 11 min yerli sakin təhlükəsiz ərazilərə təxliyə edilib. Leysan həmçinin 10 min hektardan çox sahədə kənd təsərrüfatı məhsullarına ziyan vurub. Şəhərdə xilasetmə işlərinə 3 mindən çox təcili yardım xidmətinin əməkdaşı cəlb olunub.///tass