"Bu, yəqin ki, tək mənim üçün yox, bütün futbol ictimaiyyəti üçün sürpriz bir təyinat oldu. Kimi də fikirləşsək, milliyə Fernandu Santuşun gələcəyini gözləmirdik".
Bu sözləri QOL.az saytına açıqlamasında futbol mütəxəssisi Aslan Kərimov deyib. O, 2016-cı ildə Portuqaliya yığması ilə Avropa çempionluğunu qazanan məşhur mütəxəssis Fernandu Santuşun Azərbaycan millisinə baş məşqçi təyin olunmasını şərh edib.
A.Kərimov 70 yaşlı mütəxəssisin millidəki işinin çətin olacağını söyləyib: "Bir Avropa çempionuna, böyük təcrübəyə sahib olan mütəxəssisə fikir bildirmək bir az qəribə olar.
Fernandu Santuşun savadına, təəcrübəsinə yəqin ki, dünyada heç kimin şübhəsi olmaz. Burada əsas məsələ odur ki, Fernandu Santuşun bizimlə işləməyə enerjisi nə qədər çatacaq. Milli elə bir komandadır ki, burada çox işləmək, fubolçularla əlaqədə olmaq lazımdır. Fernandu Santuş işinin çox hissəsini Azərbaycanda keçirməlidir. Oyunlarda olmalısan, hamını tanımaq məcburiyyətindəsən. Sözün düzü, bilmirəm ki, Fernandu Santuş bunun öhdəsindən nə dərəcədə gələ biləcək. O, komanda içində komanda qurmaq məcburiyyətindədir.
Yəni, yerli oyunları daim izləyən, Santuşa daim məlumatlar verən şəxslər olmalıdır. Çünki indi Fernandu Santuşun bütün məşqlərə, oyunlara getməyə fiziki baxımdan imkanı olmayacaq. Bu cəhətdən işinin çətin olacağı görünür. Amma gözləməliyik. Düşünürəm ki, məşqçilər olaraq ondan təcrübə qazana bilərik. Oyunçuların nə öyrənib-öyrənməyəcəyini deyə bilmərəm, amma məşqçilərimiz Santuşun təcrübəsindən bəhrələnə bilərlər".
O, sosial şəbəkələrdə Santuşun Azərbaycan millisinə yalnız pul qazanmaq üçün gəlməsi haqda yazılan fikirlərə də münasibət bildirib: "İstənilən məşqçi hansısa bir komandaya gedəndə pulu fikirləşir. Yerli məşqçini və ya başqa bir gənc mütəxəssisi milliyə dəvət etsək, o da ilk növbədə pulu fikirləşəcək. Sadəcə Azərbaycan millisi kimi komandalarda işləmək üçün gərək həddindən artıq enerjili olasan.
Çünki Azərbaycan millisində Kriştiano Ronaldo, Bernardo Silva və ya Portuqaliya millisinin başqa oyunçuları yoxdur ki, sən olmayanda da hazır vəziyyətdə olacaqlarını düşünəsən. Fernandu Santuş çox işləməli, enerji sərf etməli olacaq. İşin öhdəsindən necə gələcək, bu, bir az tərəddüd yaradır. Amma təyinata görə tənqid etməyin də adı yoxdur. Kim təyin olunur-olunsun, onun işinə baxandan sonra fikir bildirə bilərik. Amma Santuş hələ milliyə gəlib çıxmamış təyinatı tənqid etmək düzgün yanaşma deyil".