Neftçala Rayon İcra Hakimiyyətinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialının təşkilatçılığı ilə Neftçala şəhərində əmək yarmarkası təşkil olunub.
Ucnoqta.az xəbər verir ki, əmək yarmarkası Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialı tərəfindən 6 iyun 2024-cü il tarixində Neftçala rayonunda 19 işəgötürənlə ilə birgə təşkil olunub.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Şirvan- Salyan Regional Məşğulluq filialının müdiri Habil Alıyev, RİH-in məsul şəxsləri, tərəfdaş şirkətlərin rəhbər şəxsləri, əməkdaşları və vətəndaşlar iştirak edib.
Neftçala RİH-in başçısı Mirhəsən Seyidov çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır və vətəndaşın sosial durumu, rifahı və məşğulluğu dövlət rəhbərliyi üçün əsas prioritedir. Cənab Prezidentin bu istiqamətdə verdiyi tapşırıq, tövsiyyələri ardıcıl şəkildə icra olunur və əmək yarmarkası bu sahədə həyata keçirilən silsilə tədbirlərdən biridir. Neftçala RİH-in başçısı çıxışında qeyd edib ki, keçirlən əmək yarmarkası vətəndaşlar üçün faydalı olacaq və Neftçala rayonunda işaxtaran şəxslərin məşğulluğuna öz müsbət təsirini göstərəcəkdir.
Tədbirdə işəgötürənlər tərəfindən müvafiq vakansiyalara dair tələblər barədə ətraflı məlumat verilib, işsiz və işaxtaran şəxslərə 87 boş iş yerləri (əməkhaqqı 350-5000 manat aralığına) təqdim olunub.
Filial tərəfindən təqdim olunan vakansiyalara dair tələblər təhlil olunaraq işsiz və işaxtaran şəxs kimi qeydiyyatda olan 500 nəfərə yaxın vətəndaşla iş aparılıb, tələblərə uyğun namizədlər yarmarkaya cəlb edilib. Cəlb edilən şəxslər sırasında müharibə iştirakçıları, qazilər və sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər yer alıb.
İşəgötürən tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.