SOCAR Aİ95-in qiymətini 2 manata qaldıranda dedi ki, ... - Ekspert

12:02 - 5 İyun 2024 - İQTİSADİYYAT

Dünən xoş bir xəbər yayıldı ki, SOCAR Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (BNEZ) bu ay “Euro-5” ekoloji standartlarına uyğun avtomobil benzininin istehsalına başlamağı planlaşdırır. Dünəndən dəyərli media nümayəndələri, jurnalistlər çoxsaylı zənglərlə, “istehsal başlayandan sonra Aİ95, yəni Premium markalı benzinin qiyməti ölkədə enəcəkmi”, sualını verirlər.

Ucnoqta.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli deyib. Natiq Cəfərli qeyd edir ki, ölkədə məntiq və bazar qanunları işləsəydi, sualın cavabı çox aydın idi – bəli, yerli istehsal olsa, artsa Aİ95 ucualaşmalıdır:

"Amma, Azərbaycan reallığını nəzərə alsaq mənzərə belədir: Aİ95 və Aİ98 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənmir, formal olaraq, bir daha – formal olaraq, qiyməti bazar, tələb-təklif, oyunçu sayı və rəqabətli mühit tənzimləməli idi. Amma nə baş verdi – SOCAR və onun törəmə şirkətləri bu sahədə vahid inhisarçı oldular, heç kəsi bazara buraxmadılar, rəqabət yaranmadı, qiymət 2 manatda qaldı".

Ekspert bildirir ki, SOCAR 2022-ci ilin iyul ayında Aİ95-in qiymətini 2 manata qaldıranda dedi ki, dünyada neft bahalaşıb, biz premium benzini xaricdən alırıq, ona görə də qiyməti 2 manata qaldırırıq: 

"2022-ci ilin iyul ayında dünya bazarında neft, doğrudan da, 110 dollara qalxmışdı. Yaxşı, bəs o gündən sonra neft ciddi dəyər itirdi, 2023-cü ilin sonunda 81-82 dollar civarında idi, bəs niyə SOCAR Aİ95-in qiymətini salmadı?! Bu gün brent markalı neft 77 dollardır, bəs yaxşı neftin qiyməti artan kimi benzinin dəyərini yüksəldən SOCAR, neft düşəndə niyə qiyməti salmır?!

Dediyim də odur ki, bizdə məntiq, bazar qanunları işləmir, ona görə yerli istehsal yaranan kimi qiymətlərin ucuzlaşacağına inam azdır..."

Xəbər xətti