Kənd Təsərrüfatı Nazirliyinin işçilərinin geyim forması müəyyən edilib

09:16 - 4 İyun 2024 - ÖLKƏ İÇİ

Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyası “Kənd təsərrüfatı texnikası sahəsində dövlət nəzarətini həyata keçirən işçilərinin xüsusi geyim formasının daşınması Qaydaları”nı təsdiqləyib.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı nazir Məcnun Məmmədov yeni qərar imzalayıb.

Qərara əsasən, xüsusi geyim formasının qış və yay dəstinə keçid vaxtını hava şəraitinə uyğun olaraq nazirlik yanında Aqrar Xidmətlər Agentliyi müəyyən edəcək. Xüsusi geyim forması daşınarkən bütün düymələr və bel kəməri bağlı vəziyyətdə olmalı, cib qapaqları ciblərin üzərinə salınmalıdır.

Bundan başqa, texniki nəzarət işçilərinin qış və yaxud geyim dəstləri də müəyyənləşib.

Həmçinin texniki nəzarət işçilərinin fərqlənmə nişanlarının daşınması formaları müəyyənləşib. Fərqlənmə nişanları aşağıdakı kimi daşınır:

- kokarda – kepkaların ön tərəfinin mərkəzinə tikilməklə daşınır;

- qol nişanı – üst geyimlərinin və digər geyim əşyalarının (pulover istisna olmaqla) hər iki qolunun xarici səthində, çiyinlə qolu birləşdirən tikiş xəttindən 10 sm aşağıda daşınır;

- döş nişanı – üst geyimlərinin və digər geyim əşyalarının (pulover istisna olmaqla) döş hissəsinin sol küncündə (döş cibi olduqda isə cib qapağının üzərində) daşınır.

Qərarla xüsusi geyim formasını daşımaq hüququ olmayan vətəndaşların bu geyim formasını daşıması qadağan edilib.

Nazirliyin Hüquq və icra intizamı şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Xəbər xətti