Juninyo "Qarabağ"ı tərk edir? - AÇIQLAMA

12:11 - 3 İyun 2024 - İDMAN

"Qarabağ"ın futbolçusu Juninyo Azərbaycan kubokunun "Zirə" ilə final matçından (2:1) sonra jurnalistlərə açıqlama verib.

Ucnoqta.az xəbər verir ki, 27 yaşlı hücumçu əvvəlcə Premyer Liqanı və ölkə kubokunu qazanaraq "qızıl dubl" etməklərindən danışıb. O, çox sevincli olduğunu bildirib: 

"Mövsümün əvvəlində qarşıya qoyduğumuz hədəflərə çatdıq. Ağır zəhmətimizin nəticəsin aldıq. Həm ölkə kubokunda, həm də Premyer Liqada qalib olduq. Buna görə çox sevincliyik. Təxminən 1 ay yarım sonra daha nüfuzlu, məsuliyyətli yarış başlayır. İstirahətdən sonra həmin yarışa hazırlaşacağıq".

Braziliyalı futbolçu bu yay klubunu dəyşib-dəyişməyəcəyi barədə sualı da cavablandırıb: "Qarabağ"la hələ 2 illik müqaviləm var. Düzdür, gələcəyi müəyyənləşdirmək mənim əlimdə deyil, Tanrıya məxsusdur. Ona görə də indi sadəcə istirahət haqqında düşünürəm".

Juninyo son oyunlarda əvvəlki formasını nümayiş etdirə bilməməsinin səbəbini belə izah edib: "Əslində asan deyil. Çempionluğu erkən əldə etdik. Titulu qazandıqdan sonra istənilən halda oyunlara köklənmək asan olmur. Amma buna baxmayaraq, məşqçimiz həmişə çalışırdı ki, bizi oyuna kökləsin, motivasiya etsin. İstənilən halda mövsümün uğurlu nəticələnməsinə görə çox sevincliyik. Bu gün də növbəti titulu əldə etdik. Buna görə çox məmnunam". 

Qeyd edək ki, Juninyo ötən ilin yayından Ağdam təmsilçisində oynayır. O, bu müddət ərzində 55 matça çıxıb, 31 qol vurub və 11 qolun ötürməsini verib. ///qol.az

Xəbər xətti