İdmançımız Paris-2024-ə lisenziya qazanıb 

18:45 - 31 May 2024 - İDMAN

Azərbaycan boksçusu Malik Həsənov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. 

Ucnoqta.az Azərbaycan Boks Federasyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 63,5 kiloqram çəkidə mübarizə aparan yığma üzvü bu uğura Tailandın paytaxtı Banqkokda keçirilən 2-ci Dünya Olimpiya Təsnifat Turnirində nail olub. 

Boksçu 1/4 finalında Xose Manuel Viafara (Kolumbiya) ilə qarşılaşıb. Rəqibini 3:2 hesabı ilə məğlub edən Həsənov yarımfinala yüksəlməklə yanaşı, Olimpiadaya lisenziyanı da rəsmiləşdirib. 

Bu, boks üzrə Azərbaycan millisinin Paris-2024-ə əldə etdiyi 4-cü vəsiqə olub. Malik Həsənovadək Nicat Hüseynov (51 kiloqram), Murad Allahverdiyev (80 kiloqram) və Məhəmməd Abdullayev (+92 kiloqram) də eyni nailiyyətə imza atıb. 

Qeyd edək ki, Banqkokdakı yarış iyunun 2-də bitəcək. Azərbaycan boksçularından Şamil Əsgərov (57 kiloqram), Alfonso Dominqes (92 kiloqram) və Zeynəb Rəhimova (54 kiloqram) da lisenziya uğrunda mübarizəni davam etdirirlər. 

Xəbər xətti