Yaponiya diplomatik kanallar vasitəsilə KXDR-dən Pxenyanın iyunun 4-dən əvvəl orbitə buraxmağı planlaşdırdığı peykin buraxılışından imtina etməyi tələb edib.
Ucnoqta.az xəbər verir ki, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosimasa Hayaşi deyib.
Hayaşi bildirib ki, Şimali Koreyanın hərəkətləri, o cümlədən keçmiş raket buraxılışları “Yaponiyanın, regionun və qlobal cəmiyyətin sülh və təhlükəsizliyini təhdid edir”. Onun sözlərinə görə, Nazirlər Kabinetində KXDR peykinin orbitə çıxarılmasının planlaşdırıldığı barədə məlumat toplayan qərargah yaradılıb. Hayaşi əlavə edib ki, Özünümüdafiə Qüvvələri təhlükə yarandıqda raketin və ya onun qalıqlarının məhv edilməsi üçün “müdafiə nazirinin əmri” əsasında lazımi tədbirlər görür.///tass