Mayın 27-də Gürcüstan parlamenti prezident Salome Zurabişvilinin xarici agentlər haqqında qanuna vetosunu ləğv etmək proseduruna başlayacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə Gürcüstanın qanunverici orqanının saytında deyilir.
O cümlədən, bu gün Parlamentin Hüquq Məsələləri Komitəsinin iclası nəzərdə tutulub. Komitənin müzakirə etməli olduğu ilk məsələ prezidentin xarici agentlər haqqında qanuna veto qoymasıdır. Komitə vetonun ləğvini təsdiqləsə, məsələ mayın 28-də plenar iclasa çıxarılacaq.
Prezidentin vetosunu ləğv etmək üçün birpalatalı parlamentin 150 deputatından ən azı 76-nın razılığı lazımdır. Hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının 84 mandatı var. Veto ləğv edildikdən sonra qanun imzalanmaq üçün yenidən prezidentə göndəriləcək. Zurabişvili yenidən sənədi imzalamaqdan imtina edərsə, onu parlamentin spikeri Şalva Papuaşvili imzalayacaq və dərc edəcək. Qanun dərc edildikdən sonra qüvvəyə minəcək.