Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Rabitə İdarəsinin rəisi, general Vadim Şamarin xüsusilə külli miqdarda rüşvət almaqda şübhəli bilinərək həbs edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə cümə axşamı TASS-a həbslə bağlı qərar çıxaran 235-ci Qarnizon Hərbi Məhkəməsindən məlumat verilib.
Mayın 22-də məhkəmə Şamarin barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsi ilə (xüsusilə külli miqdarda rüşvət alma) ittiham elan edib.
Məhkəmə qərarı qanuni qüvvəyə minməyib və ondan apellyasiya instansiyasına şikayət verilə bilər. Şamarinə qarşı irəli sürülən maddə üzrə maksimum cəza rüşvətin yüz misli miqdarında cərimə ilə 15 il həbsdir. Cinayət tərkibi rüşvətin məbləğinin ən azı 1 milyon rubl olmasını şərtləndirir.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyinin rəis müavini Timur İvanov və Müdafiə Nazirliyinin Kadrlar İdarəsinin rəisi Yuri Kuznetsov xüsusilə külli miqdarda rüşvət almaqda ittiham edilərək həbs ediliblər. Vəkillərin sözlərinə görə, onların işi bir-biri ilə bağlı deyil.