Mədəniyyət Nazirliyi tanınmış türkoloq-alim Ramiz Əskərin vəfatı ilə bağlı nekroloq yayıb.
Ucnoqta.az xəbər verir ki, nekroloqda deyilir:
“Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz verib. Tanınmış türkoloq-alim, filologiya elmləri doktoru, tərcüməçi, jurnalist, Bakı Dövlət Universitetinin (BDU) professoru Ramiz Əskər 22 may 2024-cü il tarixində, 70 yaşında vəfat edib.
Ramiz Baxşəli oğlu Əskərov 10 yanvar 1954-cü ildə Qərbi Azərbaycanda, Amasiya rayonunun Qaraçanta kəndində anadan olub. 1978-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Bir sıra qəzet və jurnallarda məsul vəzifələrdə çalışıb.
2003-cü ildən taleyini Bakı Dövlət Universitetinə bağlayan R.Əskər burada türk xalqları ədəbiyyatını tədris edib, Bədii tərcümə elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi və müdiri olub. 2012-ci ildən BDU-nun Türk xalqları ədəbiyyatı kafedrasının müdiri vəzifəsində çalışıb. Bu təhsil ocağının professoru kimi fəaliyyət göstərib.
R.Əskərin müəllifi və tərtibçisi olduğu “XX əsr özbək şeiri antologiyası”, Zəhirəddin Məhəmməd Baburun “Baburnamə”, Sultan Hüseyn Bayqaranın “Divan”, Yusif Balasaqunlunun “Qutadqu bilik” və digər nəşrlər ona Azərbaycanla yanaşı, bütün Türk dünyasında şöhrət qazandırıb. O, türk, rus, özbək, qazax, uyğur, türkmən, tatar, başqırd və qaqauz dillərindən tərcümələr edib.
Ədəbiyyatşünaslıq və publisistika sahəsində səmərəli fəaliyyətinə görə dövlət başçısının sərəncamları ilə R.Əskər “Əməkdar jurnalist” (2010) fəxri adına, “Şöhrət” və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenlərinə layiq görülüb. O, həmçinin türk respublikalarının yüksək mükafatları ilə təltif olunub.
Mədəniyyət Nazirliyinin kollektivi tanınmış elm və mətbuat xadiminin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin”.