Ağcabədidə 13 nəfərə hüquqi konsultasiya xidməti göstərildi

10:39 - 17 May 2024 - ÖLKƏ İÇİ

Ağcabədi rayonunda həssas qruplardan olan şəxslərə hüquqi konsultasiya xidməti göstərilib.

Hüquqi problemlərlə bağlı müraciət edən rayon sakinləri ilə keçirilən görüşdə  iştirakçılara təşəbbüsün məqsədi, həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətlə bağlı məlumat verilib. Daha sonra vətəndaşlar ümumi və fərdi şəkildə qəbul edilib onların sualları cavablandırılıb.

Müharibə veteranı adının və vəsiqəsinin verilməməsi, müharibə veteranı adı verildikdən əvvəlki 3 il üçün sosial müavinətin ödənilməsi, müharibədə xəsarət alan şəxslərə sığorta pulunun ödənilməməsi, əlillikdən imtina, işlə təminat, apellyasiya şikayətinin yazılması, kommunal xidmətlərə görə borcun ödənilməsi, su çatışmazlığı ilə bağlı olub. Görüş zamanı 13 nəfərə hüquqi konsultasiya xidməti göstərilib. Onlardan 3 nəfərin dövlət qurumlarına müraciətləri hazırlanaraq vətəndaşlara təqdim edilib.

Digər vətəndaşların sənədləri götürülüb və müvafiq qeydlər aparılıb. Qarşıdakı günlərdə vətəndaşların sənədləri hazırlanaraq imzalanıb aidiyyatı qurumlara göndərilməsi üçün benefisiarlara çatdırılacaq.  Bir nəfərin isə apellyasiya şikayəti hazırlanaraq məhkəmədə müdafiəsinə dəstək göstəriləcək.

Qeyd edək ki, bu fəaliyyət Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində həyata keçirilir. Təşəbbüsün əsas hədəf qrupu işsizlər, iş axtaranlar, əlilliyi olan şəxslər, sosial müdafiəyə ehtiyacı olanlar, məişət zorakılığından əziyyət çəkənlər, övladını təkbaşına böyüdən qadınlar, hüquqi yardıma ehtiyacı olan digər aztəminatlı şəxslərdir. Təşəbbüs çərçivəsində Ağdam, Ağcabədi, Bərdə, Goranboy, Tərtər və Yevlax rayonlarında aztəminatlı  şəxslərə hüquqi konsultasiya xidməti göstərilir. Bundan əlavə, bütün ölkə ərazisindən onlayn müraciət edən aztəminatlı şəxslər “qaynar xətt” xidməti, “Facebook”, “Instagram” və “WhatsApp” vasitəsilə də pulsuz hüquqi konsultasiya xidməti ala bilirlər. Təşəbbüs çərçivəsində, həmçinin onlayn media resursları və yuxarıda qeyd edilən sosial media səhifələri vasitəsilə hüquqi maarifləndirmə xarakterli məlumatlar paylaşılır.

Təşəbbüsün icra müddətində hədəf qrupu tərəfindən ən çox müraciət edilən hüquqi problemlərin həlli ilə bağlı hüquqşünasın izahatı olan 10 video çəkilərək təşkilatın “Youtube” səhifəsində (https://www.youtube.com/@pulsuzhuquqiyardim) paylaşılıb.

Təşəbbüsün sonuncu mərhələsində Ağdam, Ağcabədi, Bərdə, Goranboy, Tərtər və Yevlax rayonlarından olan həssas qrupların nümayəndələri sahibkarlıq və özünüməşğulluq fəaliyyətinin qurulması və idarə olunmasına dair təlimə cəlb olunacaqlar. İşsiz və işaxtaran şəxslər üçün təşkil ediləcək özünüməşğulluq və biznes fəaliyyətlərinin qurulmasına dair təlim zamanı iştirakçılara sahibkarlıq subyekti kimi onlayn qeydiyyat, kredit alınması üçün onlayn müraciət və biznes-plan hazırlanması bacarıqları öyrədiləcək. Həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə biznes-plan hazırlanmasında kömək ediləcək.

Qeyd edək ki, Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinə məxsus  “Həssas qrupdan olan region sakinlərinin hüquqi müdafiəsi və onların məşğulluğuna dəstək” təşəbbüsü Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində “Vahidoğlu konsaltinq” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən icra edilir.


Xəbər xətti