Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI

18:50 - 13 May 2024 - ÖLKƏ İÇİ

Bu  ilin aprel ayında istehlak qiymətləri indeksi ötən ilin aprel ayına nisbətən 100,0 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 98,2 faiz, qeyri-qida məhsulları üzrə 100,9 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,0 faiz təşkil edib. 2024-cü ilin aprel ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,9 faiz, yanvar-aprel aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 100,7 faiz olub.

Ucnoqta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, apreldə qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,6 faiz, yanvar-aprel aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 99,3 faiz təşkil edib.

Apreldə əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox ucuzlaşma manna və qarabaşaq yarmalarının, makaronun, təzə balığın, südün, yumurtanın, marqarinin, günəbaxan və qarğıdalı yağlarının, qozun, fındığın, pomidorun, xiyarın, göyərtinin, badımcanın, kartofun, bahalaşma isə əsasən limonun, bananın, almanın, armudun, kivinin, şabalıdın, ağ kələmin, şirin bibərin, süfrə çuğundurunun, sarımsağın qiymətlərində müşahidə olunub.

Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Ötən ay qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi marta nisbətən 100,1 faiz, yanvar-aprel aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,3 faiz təşkil edib. Aprel ayında əvvəlki ayla müqayisədə qeyri-qida mallarından daha çox bahalaşma zərgərlik məmulatlarının, sementin, kəsilmiş taxtanın qiymətlərində müşahidə olunub. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2024-cü ilin aprel ayında əhaliyə göstərilən ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, yanvar-aprel aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,4 faiz təşkil edib. Aprel ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən hava nəqliyyatı ilə MDB ölkələrinə beynəlxalq sərnişindaşıma xidmətlərinin, respublikadaxili istirahət turlarının, tibbi, stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin, ödənişli məktəbəqədər təhsil müəssisələrinin xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Xəbər xətti