Bu gün 25 minə yaxın şagird və abituriyent imtahan verəcək

09:45 - 12 May 2024 - ÖLKƏ İÇİ

Mayın 12-də Dövlət İmtahan Mərkəzi (DİM) tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçirir. Bu gün, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçirilir. Saat 10:00-da başlanacaq imtahan 1 saat 30 dəqiqə davam edəcək.

DİM-dən bildirilib ki, imtahanda ümumilikdə 24987 (Bakıda 17403, Sumqayıtda 877, Abşeronda 899, Naxçıvanda 86, Gəncədə 1548, Şəmkirdə 89, Tovuzda 203, Mingəçevirdə 186, Yevlaxda 92, Şəkidə 158, Zaqatalada 343, Balakəndə 242, Qəbələdə 205, Qaxda 176, Bərdədə 235, Göyçayda 207, Şirvanda 348, Lənkəranda 336, Qubada 237, Qusarda 530, Xaçmazda 587) şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulur. İmtahanda 30 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird (abituriyent) də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.

Respublikanın 21 şəhər və rayonunda təşkil edilən imtahanın idarə olunması üçün 112 ümumi imtahan rəhbəri, 294 imtahan rəhbəri, 2341 nəzarətçi ayrılıb, 346 buraxılış rejimi əməkdaşı (mühafizə), 112 bina nümayəndəsi cəlb edilib.

İştirakçılar imtahana aşağıda qeyd edilən sənədləri gətirməlidirlər:

- imtahana buraxılış vərəqəsini;

- şəxsiyyəti təsdiq edən sənədin əslini.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şəxslər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanda 30 tapşırıq təqdim olunur:

- dinləyib-anlamaya dair 1 mətn və mətnə aid 4 tapşırıq (3 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq);

- dil qaydaları üzrə bilik və bacarıqların yoxlanması üçün 10 qapalı tipli tapşırıq;

- oxuyub anlamaya dair 2 mətn və hər mətnə aid 8 tapşırıq (7 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq).

Cari il imtahan iştirakçılarının toplaya biləcəkləri maksimum bal 100-dür. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq.

Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar.

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahanda 30 bal toplaya bilərlər. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Xəbər xətti