Mayın 3-də sertifikatlaşdırılma imtahanında təkrar iştirak edəcək Şəki rayon ümumi təhsil müəssisələrinin müəllimləri ilə görüş keçirilib.
Ucnoqta.az xəbər verir ki, Şəki şəhər 7 nömrəli tam orta məktəbin akt zalında təşkil olunmuş görüşdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən, müdir müavini Günay Mahmudova, Tədrisin keyfiyyəti sektorunun müdiri Bəhruz Nəbili, Şəki rayonu üzrə təhsil sektorunun müdiri Zamik Cəbiyev və təkrar imtahanda iştirak edəcək müəllimlər iştirak ediblər.
Görüşdə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin keyfiyyət göstəricilərinə, həmçinin sertifikasiya nəticəsinin təhsilverənlərin karyera inkişafına və əməyinin stimullaşdırılmasına müsbət təsirləri və digər məsələlər barədə danışılıb. Sertifikatlaşdırmanın mərhələləri, məzmunu ilə bağlı məsələlər barədə fikirlər səslənib, müəllimlər üçün əlavə dəstək tədbirləri və digər məsələlər haqqında məlumat verilib.
Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırılmasında məqsəd ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdən ibarətdir.